Stres dəri xəstəliklərini ağırlaşdıra bilər - Dermatoloq
Stresin insanın psixoemosional vəziyyəti ilə dəri sağlamlığı arasında əlaqə olduğu bildirilir. Xroniki və ya kəskin stres bəzi dəri xəstəliklərinin yaranmasına və ya kəskinləşməsinə səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bunu dermatoloq-kosmetoloq Mariya Koldaşova açıqlayıb.
Onun sözlərinə görə, stresin əsas rol oynadığı dəri xəstəliklərindən biri rozaseadır. Emosional gərginlik zamanı sinir sisteminin aktivləşməsi üz nahiyəsində damarların genişlənməsinə, əvvəlcə müvəqqəti qızartılara, daha sonra isə davamlı səpgilərə səbəb ola bilər.
Həkim psoriazın da psixoemosional vəziyyətlə sıx əlaqəli olduğunu bildirib. Stresli vəziyyətlərin yeni ocaqların yaranmasına səbəb ola biləcəyi, bunun isə kortizol və iltihabəleyhinə proseslərlə əlaqəli olduğu qeyd edilir.
Atopik dermatit də stress fonunda kəskinləşə bilər. Narahatlıq zamanı orqanizmdə dəriyə təsir edən müəyyən maddələrin ifrazı artır. Beləliklə, stres xəstəliyi ağırlaşdırır, xəstəliyin yaratdığı narahatlıq isə öz növbəsində stresi artırır.
Dermatoloqun sözlərinə görə, akne də stresdən təsirlənə bilər. Kortizol səviyyəsinin artması piy vəzilərinin fəaliyyətini gücləndirə, yüksək karbohidratlı qidaların çox istehlakı isə səpgilərin kəskinləşməsinə səbəb ola bilər.
Bundan əlavə, xroniki stress barmaqların kənarlarında ağrılı və qaşınan qabarcıqlarla müşayiət olunan dishidrotik ekzemanı da ağırlaşdıra bilər.
Mütəxəssis vurğulayıb ki, dəri xəstəliklərinin müalicəsində yalnız dermatoloji yanaşma ilə kifayətlənmək olmaz. Onun sözlərinə görə, pasiyentin psixoemosional vəziyyəti də nəzərə alınmalı, zərurət yarandıqda psixoloq və ya psixoterapevtin dəstəyi təmin edilməlidir.
NURİYYƏ













