“Bağça və məktəblərdə viruslar daha aktiv yayılır” – Pediatrdan XƏBƏRDARLIQ
"Düzgün və balanslı qidalanma uşaqlar imunitet artırır. Bu qidalanmaya uşağın rasionunda zülallı, proteinlə zəngin, sinklə zəngin qidalar, omeqa-3 ilə zəngin məhsullar və ən önəmlisi, bağırsaq florasını normallaşdıran qidalar daxildir. Çünki uşaqların immun sisteminin formalaşması üçün ilk növbədə orqanizmimizin bağırsaq florasının fəaliyyəti normal olmalıdır".
Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova bildirdi.
Həkim vurğuladı ki, hər bir uşağın normal bağırsaq florası olarsa, orada immun hüceyrələrin fəaliyyəti də aktiv olar.
"Əgər uşaq tez-tez xəstələnirsə, tez-tez virus infeksiyaları ilə təmasda olursa və onlarla mübarizə aparmaq gücündə deyilsə, mümkün qədər həmin uşaqlar hər payız mövsümündə qripə qarşı peyvəndlənməlidirlər, vaksinasiya aparılmalıdır. Hər il bir dəfə 6 aydan yuxarı uşaqlara vaksinasiya mümkündür.
Digər əsas məsələ gigiyena qaydalarına riayət etməkdir. Yadınızdadırsa, biz COVID dövründən keçdik. COVID dövründə bizim qrip virusu ilə təmasımız, özünüz də bildiyiniz qədərilə, heç də görünmədi. Çünki biz qapalı mühitdə nə qədər çox olsaq, bağçalarda və məktəblərdə uşaqlar bir-biri ilə nə qədər çox təmasda olsalar, gigiyena qaydalarına riayət edilmədikdə qrip virusları da daha aktiv yayılacaq. Əllərin düzgün yuyulması, uşaqların müntəzəm olaraq açıq havada gəzdirilməsi, xüsusilə dərsdən sonra açıq havada vaxt keçirməsi bir rejim halına gəlməlidir", - deyə o bildirdi.
NURİYYƏ













