"Xəstələnən uşaqlar neçə gün karantin rejimində qalmalıdır? - AÇIQLAMA
"Elə uşaq infeksiyaları var ki, həmin xəstəliklərdə karantin dövrünə görə bəzən uşağın 2-3 həftə evdə qalmasını məsləhət görürük. Xəstəliyin dövründən və uşağın hansı xəstəliyə yoluxmasından asılıdır".
Redaktor.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova dedi.
O vurğuladı ki, uşaq qrip infeksiyasına yoluxubsa və yüksək hərarəti, halsızlığı varsa, hərarəti düşsə belə, halsızlığı davam edirsə və aktivliyi normal deyilsə, belə uşaqları məktəbə və ya bağçaya göndərmək onun üçün əlavə əziyyət olacaq:
"Həmçinin uşağın fəaliyyəti də yetərli olmayacaq. Ancaq uşaqları o zaman məktəbə və bağçaya yönləndiririk ki, xəstələndikdən sonra onların fiziki aktivliyi tam bərpa olunub, hərarəti yoxdur və iştahı da normaldır. Belə uşaqları, bəli, məktəbə və bağçaya buraxmaq olar. Bu, həm yoluxmanın qarşısını alacaq, həm də digər uşaqları qoruyacaq".
NURİYYƏ













