"Günorta saatlarında bir saat da olsa, uşaqların yatmasını təmin edin" - Həkimdən ÇAĞIRIŞ
"Bağça uşaqlarının yuxu rejimi, təbii ki, fərqlidir. Həmçinin məktəbəqədər yaşda olan uşaqların da yuxu rejimi fərqli olur. İmmun sisteminin əsas qoruyucularından və möhkəmlənmə meyarlarından biri uşağın normal yuxu rejiminin olmasıdır".
Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova bildirdi.
Onun sözlərinə görə, bu həm dəvalideynlərin uşağa yaratdığı şəraitdən də asılıdır:
"Bəzən uşaqlar günlərini valideynləri ilə birlikdə keçirir və valideynlər nə vaxt yatırsa, uşaqlar da öz yuxu rejimlərini həmin vaxta uyğun qururlar. Bəzi uşaqlar isə, xüsusilə məktəblilər, dərs və hazırlıq rejimi ilə əlaqədar olaraq çox yorulurlar. Dincəlməyə vaxtları olmadığı üçün belə uşaqlarda beyin və fiziki qüvvə yorğun olsa da, yuxuya getmək çətinləşə bilər. Valideynlərdən xahiş edirəm ki, uşaqlarda zehni gərginlik çox olduqda onların mütləq şəkildə dincəlməsinə və yatmasına şərait yaratsınlar. Günorta saatlarında bir saat da olsa, uşaqların yatmasını təmin etsinlər. Çünki zehni gərginliyi çox olan uşaqlarda fiziki yorğunluq da ön plana keçir. Nəticədə belə uşaqlarda iştahsızlıq və halsızlıq halları müşahidə oluna bilər".
NURİYYƏ













