"Aptekə qaçaraq uşağa antibiotik alıb onu tez sağaltmağa çalışmayın" - XƏBƏRDARLIQ

 15:35 23.09.2026     127

"Antibiotikləri biz mövsümi xəstəliklər zamanı çox vaxt tövsiyə etmirik. Düzdür, məsələn, qrip virusdur və burada antibiotik istifadəsini düşünmürük. Təbii ki, belə hallarda bol maye, C vitamini ilə zəngin meyvə-tərəvəzlər və vitaminlər uşaqlara tövsiyə olunur. Lakin hər bir valideynə antibiotiklərdən çəkinməyi məsləhət görürük".

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova vurğuladı.

O qeyd etdi ki, antibiotiklər, adından da göründüyü kimi, bakteriyalara qarşı təsir göstərən dərman vasitələridir:

"Onların düzgün istifadə olunmaması normal bağırsaq florasına və immun sisteminə mənfi təsir göstərə bilər. Hətta uşaq virus infeksiyasına yoluxduqda immun sisteminin buna cavab olaraq hərarətin yüksəlməsi ilə reaksiya verməsi normal fizioloji haldır. Bu fizioloji reaksiyalara müdaxilə etməmək lazımdır. Yəni imkan vermək lazımdır ki, uşaq müəyyən müddət hərarətlə müşayiət olunan bu prosesi keçirsin.

Düzdür, burada uşaqlar fərqlidir. Bəzi uşaqlarda hərarətin yüksəlməsinə həkim nəzarəti altında müdaxilə etmək lazım gəlir. Lakin sağlam uşaq xəstələnirsə, qrip infeksiyasına yoluxursa, valideynlərdən xahişimiz budur ki, aptekə qaçaraq uşağa antibiotik və ya digər dərman vasitələri alıb onu tez sağaltmağa çalışmasınlar. Əksinə, belə müdaxilələr uşağın immun sisteminin virusla mübarizə aparmasına mane ola bilər. İmmun hüceyrələri orqanizmin qoruyucu funksiyalarını yerinə yetirərək bədənə kömək etməlidir. Bu baxımdan antibiotikləri qətiyyən tövsiyə etmirik və imkan veririk ki, uşağın öz immun sistemi fəaliyyət göstərsin, orqanizm özü virusla mübarizə aparmağı bacarsın. Yəni həyat budur".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən