Siqaret mədə xərçəngi riskini artırır - Onkoloqdan XƏBƏRDARLIQ
Siqaret çəkmək, emal olunmuş ət məhsullarından müntəzəm və çox istifadə etmək, həmçinin həddindən artıq duzlu və hisə verilmiş qidalar mədə xərçəngi riskini artıra bilər.
Redaktor.az xəbər verir ki, bunu onkoloq, reanimatoloq və kimyaterapevt Sergey Astafurov bildirib.
Həkimin sözlərinə görə, mədə xərçəngi ilkin mərhələlərdə uzun müddət demək olar ki, heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. İlk simptomlar, adətən, həzm problemlərinə bənzəyir. Yeməkdən sonra ağırlıq və ya narahatlıq, iştahanın azalması və ürəkbulanma kimi əlamətlər insan tərəfindən uzun müddət ciddi qəbul edilməyə bilər.
Onkoloq qeyd edib ki, xəstəliyin yaranma riskini artıran amillərdən biri mədə selikli qişasının uzunmüddətli iltihabıdır. Buna səbəb olan amillər arasında “Helicobacter pylori” bakteriyası da yer alır. Bakteriya illərlə mədədə qala və heç bir əlamət yaratmaya bilər. Onun daşıyıcısında mütləq xərçəng yaranması demək deyil, lakin xroniki iltihab zamanla selikli qişada dəyişikliklərə səbəb olaraq xəstəlik riskini artıra bilər.
Astafurovun sözlərinə görə, siqaret də əsas risk faktorlarından biridir. Tütün tüstüsündəki kanserogen maddələr bütün orqanizmə təsir göstərərək müxtəlif bədxassəli şişlərin, o cümlədən mədə xərçənginin yaranma ehtimalını artıra bilər.
Həkim irsiyyətin də mühüm rol oynadığını bildirib. Xüsusilə valideynlərdə, bacı və qardaşlarda mədə xərçəngi aşkarlanıbsa, həmin şəxslərin sağlamlıqlarına daha diqqətlə yanaşmaları tövsiyə olunur.
Onkoloq qidalanma vərdişlərinə də diqqət yetirməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, tərkibində natrium nitrit və kalium nitrit istifadə edilə bilən emal olunmuş ət məhsullarından çox istifadə müəyyən şəraitdə orqanizmdə kanserogen xüsusiyyətə malik N-nitrozo birləşmələrinin yaranmasına səbəb ola bilər. Buna görə də emal olunmuş ət, həddindən artıq duzlu və hisə verilmiş məhsulların müntəzəm və çox miqdarda qəbulu mədə xərçəngi riskini artıran amillərdən hesab olunur.
Həkim bildirib ki, burada söhbət konkret bir məhsulun xərçəngə səbəb olmasından deyil, qidalanma vərdişlərinin və digər risk faktorlarının birlikdə təsirindən gedir.
Mütəxəssis xəbərdarlıq edib ki, əvvəllər olmayan və davamlı xarakter daşıyan bəzi dəyişikliklərə diqqət yetirmək lazımdır. Qarının yuxarı hissəsində davamlı narahatlıq və ya ağrı, az miqdarda qida qəbul etdikdən sonra tez doyma, iştahanın nəzərəçarpacaq dərəcədə azalması, mütəmadi ürəkbulanma, səbəbsiz çəki itkisi və halsızlıq belə əlamətlər sırasındadır.
Bu simptomların mütləq onkoloji xəstəlikdən xəbər vermədiyini qeyd edən həkim, onların uzun müddət davam etdiyi və ya gücləndiyi halda həkimə müraciətin təxirə salınmamasını tövsiyə edib.
NURİYYƏ













