Fiziki məşqlər beyni cavanlaşdırmır? - ARAŞDIRMA
Fiziki aktivliyin beyin strukturunu və koqnitiv funksiyaları yaxşılaşdırdığına dair geniş yayılmış fikri yeni araşdırma sual altına alıb. Alimlər məşqlərin beynin bioloji yaşını birbaşa azaltdığına dair inandırıcı sübutlar aşkar etməyib. Əksinə, nəticələr daha sağlam beynin insanın fiziki aktivliyini uzun müddət qorumasına imkan verə biləcəyini göstərir.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “eLife” jurnalında dərc olunub.
Yena Universitet Klinikasının alimləri Leypsiq sakinlərinin uzunmüddətli müşahidəsini əhatə edən LIFE-Adult layihəsinin məlumatlarını təhlil ediblər. Tədqiqatın başlanğıcında 2576 nəfərin məlumatları araşdırılıb. Onlardan təxminən 340 nəfər təkrar koqnitiv testlərdən, 250 nəfər isə təkrar beyin MRT müayinəsindən keçib.
Alimlər fiziki aktivlik səviyyəsi, hipokampın həcmi və beynin “bioloji yaşı” arasında əlaqəni araşdırıblar.
Nəticələr göstərib ki, fiziki aktivliyin bu göstəricilərə statistik baxımdan əhəmiyyətli müsbət təsiri müəyyən edilməyib. Bunun əvəzinə başqa bir əlaqə müşahidə olunub. Tədqiqatın əvvəlində beyninin daha “yaşlı” göründüyü insanlarda illər sonra fiziki imkanların daha aşağı olduğu aşkarlanıb.
Bu nəticələr beynin ilkin vəziyyətinin insanın fiziki aktivliyini nə dərəcədə qoruyub saxlaya bilməsinə təsir göstərə biləcəyini ehtimal etməyə əsas verir. Yəni əlaqə əvvəllər düşünüldüyü kimi yalnız fiziki fəaliyyətdən beynin sağlamlığına doğru olmaya bilər.
Bununla belə, alimlər idmanın faydasız olduğunu bildirmirlər. Müntəzəm fiziki aktivliyin ürək-damar sistemi və maddələr mübadiləsi üçün faydaları artıq elmi şəkildə sübut olunub. Lakin məşqlərin birbaşa olaraq beyni “cavanlaşdırdığı” fikrinin daha mürəkkəb olduğu qeyd edilir.
Tədqiqat müəlliflərinin fikrincə, beyin sağlamlığı ilə fiziki aktivlik arasında əlaqənin arxasında ümumi bioloji amillər dayana bilər. Buna görə də bu əlaqənin səbəb-nəticə baxımından daha dəqiq öyrənilməsi üçün uzunmüddətli eksperimental tədqiqatların aparılması vacibdir.
Alimlər həmçinin fiziki məşqlərin beyni qocalmadan qoruduğuna dair geniş yayılmış fikirlərlə bağlı daha ehtiyatlı yanaşmağın vacibliyini vurğulayıblar. Yeni araşdırma fiziki aktivliyin ümumi faydalarını inkar etmir, sadəcə onun beyin yaşlanmasına təsir mexanizminin düşünüldüyündən daha mürəkkəb ola biləcəyini göstərir.
NURİYYƏ













