Diş çəkilərkən sinirə toxunmaq ölümə səbəb ola bilərmi? - Stomatoloq AÇIQLADI

 11:18 25.09.2026     147

Bakıda diş çəkdirdikdən sonra qadın dünyasını dəyişib. Ailəsi 1981-ci il təvəllüdlü Leyla Əhmədovanın dişi çəkildikdən sonra vəziyyətinin kəskin pisləşdiyini və buna həkim səhlənkarlığının səbəb olduğunu iddia edir. Qadın dişi çəkildikdən sonra Elmi Cərrahiyyə Mərkəzində müalicə və əməliyyat olunub, lakin sentyabrın 6-da vəfat edib. Ailə bildirir ki, iynə vurulan zaman mərhum ağrıdan qışqırıb, iltihablı və şişkin diş rentgen müayinəsi aparılmadan çıxarılıb. Diş həkimi Samir Novruzov isə xəstənin müraciət etdiyini və öz işlərini gördüklərini bildirib. O qeyd edib ki, hazırda məsələ ilə bağlı TƏBİB və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və rentgenə ehtiyac olduqda xəstə müayinəyə göndərilir.

Bəs rentgen müayinəsi aparılmadan diş çıxarıla bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan həkim-stomatoloq Daşqın Kərimov bildirdi ki, keyidici iynə vurulan zaman çoxları qışqırır:

"Bu isə adi haldır. Həkim sinirə toxunsa da problem yoxdur, çünki sinir gələn yerə iynə vurulur. Onun ölümə səbəb olacaq böyük fəsadı ola bilməz. Sinirə toxunulan zaman müəyyən müddət həmin yerdə gizilti ola bilər. Məsələn, 1-2 ay keylik kimi hiss ola bilər, sonra isə keçib gedir. Burada ölümə səbəb olacaq bir şey yoxdur. Başqa səbəb olan nüanslar var. Misal üçün, anafilaktik şok, bu kəskin allergik reaksiyadır. Yəni vurulan iynə-dərmanın təsirindən kəskin reaksiya ola bilər. Yəqin ki, xəstənin halı sonradan dəyişib. Ölümə səbəb olacaq şey tromboemboliya, infarkt ola bilər. İynə ətin içinə sinir gələn hissəyə vurulur. Sinirə toxunmaq professorun da, böyük elmi işçilərin də əlində ola bilər, bu adi bir şeydir".

Müsahibimiz qeyd etdi ki, rentgen müayinə metodudur:

"Yəni dişin kökü əyridirmi, iltihab nə dərəcədə var, köklərində kista varmı? Bu quruluşa baxmaq üçündür. Bildiyim qədəri ilə orada diş dibində iltihab, şişkinlik olub. Ümumiyyətlə, cərrahiyyədə belə bir söz, belə bir metod var: Harda çirk varsa, ora açılmalıdır. Əgər diş çirklənmə veribsə, o çəkilməli imiş. Əslində, burada rentgen etməyin mənası yoxdur. İltihablı diş çəkilibdir. Ümumiyyətlə, iltihab olan yer səbəbkar dişdir, o diş çıxmalıdır ki, sağalma prosesi getsin".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən