Tor qişanın görüntüsü insanın sürətli qocalmasını müəyyən edə BİLƏR

 14:09 25.09.2026     62

İnsan gözünün tor qişasının görüntüsü orqanizmin real qocalma sürəti, yəni bioloji yaşı barədə məlumat verə bilər. Süni intellekt əsasında hazırlanan neyroşəbəkə gözün görüntüsünə əsasən bioloji yaşı 2,5–2,7 il dəqiqliklə qiymətləndirə bilir.

Redaktor.az xəbər verir ki, bu barədə araşdırma “GeroScience” jurnalında dərc olunub.

Cənubi Koreyanın Seul Milli Universitetinin alimləri araşdırma zamanı tor qişanın təxminən 30 min görüntüsündən istifadə ediblər. Onlardan 29,5 minə yaxın görüntü 7535 nəfərə aid olub və süni intellektin öyrədilməsi üçün istifadə edilib. Daha sonra sistem ayrıca nümunə üzərində sınaqdan keçirilib.

Alimlər bu metodu “retinal yaş fərqi” adlandırıblar. Əgər gözün hesablanan yaşı insanın real yaşından yüksəkdirsə, bu, orqanizmdə qocalma prosesinin sürətlə getdiyinə işarə edə bilər.

Tor qişanın əsas üstünlüyü ondadır ki, burada qan damarlarını və sinir toxumasını cərrahi müdaxilə olmadan birbaşa müşahidə etmək mümkündür. Araşdırma zamanı müəyyən edilib ki, gözün bioloji yaşı insanın sağlamlıq vəziyyətinə də həssasdır.

Belə ki, diabet gözün hesablanan yaşını orta hesabla 2,52 il, katarakta 1,86 il, yaşla əlaqəli makulyar degenerasiya 0,6 il artırıb. Siqaret çəkməyin isə bu göstəriciyə təxminən yarım il əlavə etdiyi müəyyənləşdirilib.

Alimlər bildirirlər ki, eyni təqvim yaşında olan insanlar müxtəlif sürətlə qocalırlar. Bu prosesə genetik xüsusiyyətlər, həyat tərzi və ətraf mühit təsir göstərə bilər.

Hazırda metod ayrı-ayrı insanlar üçün dəqiq proqnoz verməkdən daha çox böyük qruplarda qocalma meyllərini qiymətləndirmək üçün əlverişlidir. Bununla belə, tədqiqatçılar hesab edirlər ki, bu yanaşma gələcəkdə qocalma prosesini izləmək üçün sadə və qeyri-invaziv vasitəyə çevrilə bilər.

Bioloji yaş orqanizmin nə dərəcədə “köhnəldiyini” göstərən göstəricidir və təqvim yaşından fərqlənə bilər. Alimlər uzun müddətdir ki, bioloji yaşı qan, dəri və beyin funksiyaları vasitəsilə müəyyənləşdirməyin yollarını araşdırırlar.

Tor qişanın müayinəsinin ağrısız olması, bir neçə dəqiqə çəkməsi və göz müayinələrinin rutin hissəsi olması bu üsulun gələcəkdə adi tibbi müayinələrə əlavə edilə bilməsi ehtimalını artırır.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən