Yaş artdıqca görmədə yaranan bu dəyişikliklərə laqeyd qalmayın - Xəbərdarlıq

 16:26 25.09.2026     174

Yaş artdıqca görmədə yaranan bəzi dəyişikliklər ciddi göz xəstəliklərinin əlaməti ola bilər.

Redaktor.az xəbər verir ki, oftalmoloq Teri Geist “The Washington Post”a açıqlamasında 40 yaşdan sonra insanlarda tez-tez yaxın görmənin zəiflədiyini, lakin bəzi əlamətlərin diqqətdən kənarda saxlanılmamalı olduğunu bildirib.

Həkimin sözlərinə görə, göz qarşısında qəfil çoxsaylı ləkələrin, işıq parıltılarının və ya tünd nöqtələrin yaranması torlu qişa ilə bağlı problemdən xəbər verə bilər. Bundan başqa, düz xətlərin dalğalı və ya təhrif olunmuş görünməsi, qaranlıqda görmənin pisləşməsi və görmə sahəsinin daralması da təhlükəli əlamətlər sırasındadır.

Oftalmoloq qeyd edib ki, düz xətlər qəfildən dalğalı görünməyə başlayarsa, mütləq həkimə müraciət edilməlidir. Bu hal makula degenerasiyası da daxil olmaqla, torlu qişa xəstəlikləri ilə əlaqəli ola bilər.

Geist bildirib ki, göz qarşısında qəfil çoxlu yeni “üzən cisimlərin” və ya işıq parıltılarının görünməsi xüsusilə ciddi əlamət hesab olunur. Bu simptomlar torlu qişanın qopması ilə əlaqəli ola və vaxtında müalicə edilmədikdə görmə qabiliyyətinin daimi itirilməsinə səbəb ola bilər.

Həkim 40 yaşdan sonra heç bir şikayət olmasa belə, mütəmadi göz müayinəsindən keçməyi, görmədə qəfil dəyişiklik yarandıqda isə mümkün qədər tez oftalmoloqa müraciət etməyi tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən