159 kiloqram arıqladı: “Gəzə bilirsinizsə, özünüz də arıqlaya bilərsiniz”

 09:25 28.09.2026     122

Britaniya sakini Henri Qonsales 254 kiloqramdan 95 kiloqrama düşərək çəkisinin 159 kiloqramını itirib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Qonsales uşaqlıqdan artıq çəkidən əziyyət çəkib. Ən ağır vaxtında onun çəkisi 254 kiloqram olub. O, həmin dövrdə idman etmədiyini, çoxlu spirtli içki qəbul etdiyini və tez-tez fast food yediyini deyib.

“Dörd nəfərlik ailə üçün kifayət qədər yemək sifariş edirdim”, - deyə Qonsales bildirib.

Artıq çəki onun ayaqqabı geyinməsini və uzun müddət ayaqüstə qalmasını çətinləşdirib. Daha sonra onda ürək problemləri yaranıb.

Qonsalesin sözlərinə görə, ona arıqlamaq üçün əsas motivasiyanı sahibi olduğu geyim biznesi verib. O, biznesinin inkişafını davam etdirmək üçün daha sağlam olmalı olduğunu anlayıb.

Nəticədə Qonsales şəxsi məşqçi tutub, qidalanma və idman proqramına əməl etməyə başlayıb. O, heç bir arıqlama əməliyyatı və iynədən istifadə etmədən 159 kiloqram arıqlayıb.

“Arıqlama əməliyyatları və iynələr barədə fikrim budur ki, gəzə bilirsinizsə, özünüz də arıqlaya bilərsiniz”, - deyə o qeyd edib.

Hazırda Qonsales əsasən evdə yemək hazırlayır. Qidalanmasında düyü və tərəvəzlərlə yanaşı, toyuq, balıq və hinduşkaya üstünlük verir. O, mütəmadi olaraq idman edir və açıq havada gəzir.

Qonsales həmçinin gündəlik yazdığını, meditasiya etdiyini, audiokitab və podkastlar dinlədiyini bildirib. Onun sözlərinə görə, bu vərdişlər zehni inkişafına da kömək edir.

Aytəkin TOFİQQIZI

2
Vumart və Güvən reklamı Vumart Güvən