40 yaşdan sonra ürəyinizi qorumağın 3 əsas YOLU
40 yaşdan sonra ürək-damar sağlamlığını qorumaq üçün mütəmadi tibbi müayinələrdən keçmək, fiziki aktiv olmaq və düzgün qidalanmaq vacibdir.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, kardioloq və tibb elmləri namizədi Valentina Baydina ürək və damar sağlamlığını qorumaq üçün üç əsas qaydanı açıqlayıb.
Həkimin sözlərinə görə, ilk növbədə tibbi müayinələrə laqeyd yanaşmaq olmaz. O, ildə ən azı bir dəfə həkimə müraciət etməyi və elektrokardioqram (EKQ) müayinəsindən keçməyi tövsiyə edib. Həmçinin qan təzyiqini mütəmadi olaraq ölçmək, ildə bir dəfə qlükoza, xolesterol və əsas qaraciyər fermentləri ilə bağlı qan analizləri vermək vacibdir.
Baydina ikinci vacib addımın siqaret və alkoqol kimi zərərli vərdişlərdən imtina etmək olduğunu bildirib. Onun sözlərinə görə, fiziki aktivlik də ürək-damar sisteminin sağlamlığında mühüm rol oynayır. Həkim həftədə iki dəfə üzgüçülük, dartınma hərəkətləri və ya Skandinaviya gəzintisi ilə məşğul olmağı tövsiyə edib.
Üçüncü əsas qayda isə balanslı qidalanmadır. Baydina yağlı ət istehlakını azaltmağı, yağsız zülallara üstünlük verməyi məsləhət görüb. Onun sözlərinə görə, tam buğda makaronu da sağlam karbohidrat mənbələrindən biridir.
Həkim gündəlik qidalanmada təzə tərəvəz, meyvə və göyərtinin miqdarını artırmağın vacibliyini də vurğulayıb.
Aytəkin TOFİQQIZI













