Hava çirkliliyi bədəndə hansı dəyişikliklərə səbəb olur? - Araşdırma

 09:22 29.09.2026     100

Hava çirkliliyinin orqanizmə təsiri ilə bağlı yeni nəticələr açıqlanıb.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Arteriosclerosis, Thrombosis, and Vascular Biology" jurnalında dərc olunub.

Tədqiqat zamanı mütəxəssislər qan nümunələrində iki növ metabolitin – uzun zəncirli dikarbon turşuları (LCDA) və orta və uzun zəncirli asilkarnitinlərin (LCAA) səviyyəsini araşdırıblar.

Məlum olub ki, bu maddələrin qandakı konsentrasiyası həm laboratoriya siçanlarında, həm də insanlarda hava çirkləndiricilərinə məruz qaldıqdan sonra artıb.

Alimlərin əvvəlki araşdırmaları hava çirkliliyi ilə ürək-damar xəstəlikləri arasında əlaqə olduğunu göstərib. Yeni tədqiqat isə bu prosesdə enerji istehsalında mühüm rol oynayan mitoxondrilərin iştirak edə biləcəyinə işarə edir.

Mütəxəssislərin fikrincə, mitoxondrilər zədələndikdə yağların parçalanması prosesi pozula və nəticədə müəyyən metabolitlər qanda toplana bilər.

Tədqiqatçılar hesab edirlər ki, bu metabolitlərin qandakı səviyyəsinin ölçülməsi hava çirkliliyinin orqanizmə təsirini daha erkən mərhələdə müəyyən etməyə kömək edə bilər. Bu, ürək-damar, metabolik və mədə-bağırsaq xəstəlikləri inkişaf etməzdən əvvəl müəyyən dəyişikliklərin aşkarlanmasına imkan verə bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən