Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

 13:59 29.09.2026     53

Gənc qızlar arasında dodaqları dolğu vasitəsilə böyütmək geniş yayılıb. Lakin mütəxəssislər bildirirlər ki, bu prosedur yalnız dodağın həcmini deyil, toxumaların strukturunu da dəyişə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə dermatoveneroloq və kosmetoloq Alla Korolyova “KP.ru”ya açıqlamasında danışıb.

Onun sözlərinə görə, sadə görünsə belə, istənilən kosmetoloji müdaxilə toxumaların vəziyyətinə təsir göstərir. Buna görə də prosedurdan əvvəl pasiyent mümkün nəticələr barədə ətraflı məlumatlandırılmalıdır. Həkim prosedurun üstünlükləri və çatışmazlıqlarını izah etməli, müştəri isə müdaxiləyə razılıq verərkən mümkün riskləri nəzərə almalıdır.

Kosmetoloq bildirib ki, dodaq böyütmədən sonra əsas problemlərdən biri keyfiyyətsiz və ya həddindən artıq sıx dolğudan istifadədir. Belə gel dodağın qırmızı haşiyəsindən kənara yayıla bilər. Nəticədə toxumada bərkimə, təbəssüm zamanı asimmetriya və “hialuron bığları” adlandırılan görüntü yarana bilər.

Mütəxəssis qeyd edib ki, dodaqlar üzün ən hərəkətli hissələrindən biridir. Həddindən artıq sıx gel istifadə edildikdə fibroz, yəni birləşdirici toxumanın həddindən artıq inkişafı və bərkiməsi baş verə bilər. Bundan əlavə, dodaqların həssaslığı da azala bilər.

Kosmetoloqun sözlərinə görə, hazırda dodaq korreksiyasında daha fizioloji və yumşaq tərkibli preparatlara üstünlük verilir. O, daha yetkin yaşda dolğuların toxumalara təsiri ilə bağlı problemlərin daha az ola biləcəyini bildirib.

Həkim gənc qızlara klinika və mütəxəssis seçiminə ciddi yanaşmağı, estetik görünüşlə yanaşı sağlamlıq və təhlükəsizliyi də nəzərə almağı tövsiyə edib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən