Qəndlə bağlı narahatedici nəticə: "Tənəffüs çətinliyi yarada bilər"
Abşeron rayonunda fəaliyyət göstərən istehsal müəssisəsində emal olunan qənd məhsullarından nümunələr götürülərək laborator müayinəyə cəlb olunub. Sınaq nəticəsində məhsullarda kükürd dioksidin (SO2) miqdarının normadan artıq olduğu aşkarlanıb.
Maraqlıdır, kükürd dioksid qənd məhsullarına hansı məqsədlə əlavə olunur? Qənd məhsullarında kükürd dioksidin normadan artıq olması insan sağlamlığı üçün hansı risklər yarada bilər?
Qida eksperti Fərid Səfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, kükürd dioksid (SO2, E220) qida sənayesində texnoloji məqsədlərlə istifadə olunan maddələrdən biridir:
"Şəkər və qənd istehsalında onun istifadəsi istehsal texnologiyasından asılı olaraq xammalın və ya şəkər şərbətinin rənginin açılmasına, oksidləşmənin qarşısının alınmasına və bəzi mikroorqanizmlərin inkişafının məhdudlaşdırılmasına xidmət edə bilər. Sulfitlər ümumilikdə qidanın görünüşünü və saxlanma müddətini qorumaq, həmçinin mikroorqanizmlərin inkişafını azaltmaq üçün istifadə olunur.
Lakin burada əsas məsələ maddənin mövcudluğundan daha çox miqdarının normaya uyğun olmasıdır. Normadan artıq SO2 qida ilə qəbul edildikdə xüsusilə ona həssas insanlarda arzuolunmaz reaksiyalara səbəb ola bilər. Kükürd dioksid və sulfitlər bəzi şəxslərdə baş ağrısı, ürəkbulanma, qarın-bağırsaq narahatlığı, səpgi və digər həssaslıq əlamətləri, xüsusilə astması olan insanlarda isə öskürək, xırıltı və tənəffüs çətinliyi yarada bilər".

Həmsöhbətimiz diqqətə çatdırdı ki, qənd məhsulunda SO2-nin normadan artıq aşkarlanması sadəcə texnoloji göstəricinin pozulması deyil, istehlakçı sağlamlığı baxımından qiymətləndirilməli olan uyğunsuzluqdur:
"Belə hallarda məhsulun istehsal texnologiyası, istifadə olunan SO2-nin mənbəyi və miqdarı, laborator nəticənin normativ tələblərə uyğunluğu araşdırılmalı və normadan kənar məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınmalıdır".
Aytəkin TOFİQQIZI













