"İnsanların çoxu yeriyərkən ağzıaçıq gəzir" - Həkimdən XƏBƏRDARLIQ
"Payızın gəlməsi ilə istənilən xəstəliklər yarana bilər. Bu, infeksion xəstəliklər və digər daxili orqanların patologiyaları ola bilər. Əsas həqiqət budur ki, insanın immun sistemi güclü olanda onun istənilən xəstəliyə qarşı bədənin dözümü də güclü olur və bu zaman bədən istənilən patologiyanı daha yüngül keçir".
Bu barədə Redaktor.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti, keçmiş SSRİ-nin ilk antioksidant preparatı "Meksidol"un həmmüəllifi Aydın Əliyev bildirdi.
"Əgər fikir verirsinizsə, bizdə insanların çoxu payız gəldikdə xəstələnməyə başlayır. Burada ən əsas məsələlərdən biri ağızdan nəfəs almamaqdır. İnsanların çoxu yeriyərkən ağzıaçıq gəzir, danışa-danışa gedirlər. Bu məsələlər çoxdan müzakirə olunur. Payız gəldikdə ən azı bu məsələlərə ciddi diqqət yetirilməlidir.
Yay vaxtı biz çox soyuq su və qazlı su içirik. Lakin su bədənin temperaturuna uyğun qəbul edilməlidir. İstənilən havada ilıq çay kimi, ümumiyyətlə, otaq temperaturunda olan su içildikdə mədədə və boğazda arzuolunmaz hallar əmələ gəlmir. Amma nəzərə almaq lazımdır ki, burun və boğazla bağlı problemlər düzgün nəfəs almamaqla əlaqəli ola bilər. Həmçinin başqa insanların öz patologiyaları, xəstəliyə meylləri ola bilər. Ona görə hava bir qədər soyuduqda, küləkli olduqda ağız örtülü olmalıdır. Çox soyuq havada ağız maskalarından istifadə edilməlidir", - deyə o vurğuladı.
Həkim qeyd etdi ki, havalar soyuduqca su və qida qəbul olunursa, onlar insanın bədən temperaturuna uyğun qəbul edilməlidir.
Xədicə BAXIŞLI













