Bakıda həkim rentgensiz diş çəkdi, xərçəng aşkarlandı - VİDEO

 01:26 30.09.2026     75

Vətəndaş Leyla Hüseynova anasının stomatoloji müalicəsi zamanı səhlənkarlığa yol verildiyini iddia edir.

Redaktor.az xəbər verir ki, onun sözlərinə görə, anası iki ay əvvəl diş ağrısı ilə 6 saylı poliklinikaya müraciət edib.

İddiaya əsasən, həkim Salam Məmmədov pasiyentin dişini rentgen müayinəsi aparmadan adi stomatoloji kabinet şəraitində çəkib.

Qadın bildirir ki, daha sonra anasının ağız boşluğunda təxminən 5 millimetrlik yara aşkarlanıb.

Aparılan müayinələr və biopsiyadan sonra həmin yaranın bədxassəli olduğu məlum olub.

“Bir ay sonra ağız nahiyəsində iri həcmdə yara gördüm. Həmin yara böyümüş və daha da yayılmışdı. Elmi-Tədqiqat İnstitutuna müraciət etdik və bizə biopsiya götürülməsinin vacib olduğu bildirildi. Nəticədə məlum oldu ki, bu, xərçəngdir. Biz pasiyent olaraq bunu əvvəlcədən bilmirdik. Həkim yaranı gördükdə bizi mütəxəssisə yönləndirməli idi”, – deyə L.Hüseynova sözlərinə əlavə edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, səsləndirilən iddialarla bağlı Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən araşdırma aparılır.

Tibbi protokollara uyğunsuzluq halları müəyyən ediləcəyi təqdirdə həkim-stomatoloq barəsində zəruri tədbirlər görüləcək.

Daha ətraflı “Baku TV”nin süjetində:

 

Vumart və Güvən reklamı Vumart Güvən