Xərçəngin gizli əlamətləri: Bu simptomlara diqqət edin
Xərçəngin erkən mərhələlərində xəstəlik bəzən heç bir ciddi əlamətlə özünü göstərməyə bilər. Lakin bəzi simptomlar orqanizmdə gedən proseslərlə bağlı xəbərdarlıq siqnalı ola bilər.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, onkoloq və kimyaterapevt Rəsul Əhməyev xərçəngin ilkin mərhələlərində müşahidə olunan bəzi əlamətlərə diqqət çəkib.
Onun sözlərinə görə, tez-tez soyuqdəymə, davamlı öskürək və uzun müddət davam edən yorğunluq diqqətdən kənarda qalmamalıdır. Xüsusilə səbəbi bilinməyən və istirahətdən sonra da keçməyən yorğunluq mütəxəssis tərəfindən qiymətləndirilməlidir.
Onkoloq bildirib ki, narahatlıq, mədə-bağırsaq pozğunluqları və izah olunmayan digər həzm problemləri də bəzi hallarda xəstəliyin ilkin əlamətləri ola bilər. Bu simptomlar 2-3 həftə və ya daha uzun müddət davam edərsə, həkimə müraciət etmək tövsiyə olunur.
Bundan başqa, iştahsızlıq və səbəbsiz sürətli çəki itkisi də diqqət tələb edən əlamətlər sırasındadır. Mütəxəssis bir neçə ay ərzində 10-15 kiloqram çəki itirməyin ciddi səbəblərlə bağlı ola biləcəyini qeyd edib.
Onun sözlərinə görə, bəzi xərçəng növlərinin özünəməxsus əlamətləri də olur. Məsələn, limfomada gecələr həddindən artıq tərləmə müşahidə oluna bilər.
Mütəxəssis bu cür əlamətlərin hər zaman xərçəng xəstəliyindən xəbər vermədiyini, lakin davamlı və səbəbi bilinməyən simptomların həkim tərəfindən qiymətləndirilməsinin vacib olduğunu vurğulayıb.
Aytəkin TOFİQQIZI













