Həftədə bir dəfə bu məşqi etmək qan təzyiqini aşağı sala BİLƏR
Həftədə bir dəfə əzələləri hərəkət etdirmədən gərginləşdirən məşqlər qan təzyiqinin aşağı səviyyədə qalmasına kömək edə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "BMJ Open Sport & Exercise Medicine" jurnalında dərc olunan araşdırmada məlumat verilib.
Bu məşqlər zamanı əzələlər hərəkət etmədən gərginləşdirilir. Buna misal olaraq plank və divar çömbəlməsini göstərmək olar.
Araşdırmada orta yaşı 37 olan, normal və ya yüksək qan təzyiqinə malik 100 yetkin iştirak edib. İştirakçıların heç birinə hipertoniya diaqnozu qoyulmayıb.
İlk dörd həftə ərzində iştirakçılar həftədə üç dəfə məşq ediblər. Məşq dörd set divar çömbəlməsindən ibarət olub və hər set arasında iki dəqiqə istirahət verilib.
Daha sonra iştirakçılar müxtəlif qruplara bölünüb. Bir qrup həftədə üç dəfə, digərləri isə həftədə iki və ya bir dəfə məşq etməyə davam edib. Digər qrup isə məşqləri tamamilə dayandırıb.
Daha dörd həftə sonra həftədə bir və ya iki dəfə məşq edənlərdə qan təzyiqinin azalmasının qismən qorunduğu müəyyənləşib. Həftədə bir dəfə məşq edənlərdə yuxarı qan təzyiqi göstəricisi başlanğıc səviyyədən təxminən 6,6 mm civə sütunu, həftədə iki dəfə məşq edənlərdə isə 7 mm civə sütunu aşağı olub.
Həftədə üç dəfə məşq edən iştirakçılarda isə azalma 13,7 mm civə sütununa çatıb.
Məşqləri tamamilə dayandıran iştirakçılarda qan təzyiqi ilkin səviyyəyə qayıdıb.
Müəlliflər bildiriblər ki, daha tez-tez məşq etmək mümkün olmadıqda, həftədə bir dəfə bu cür məşq belə qan təzyiqinin aşağı səviyyədə saxlanmasına kömək edə bilər.
Aytəkin TOFİQQIZI













