Fıstıq bu insanların beyni üçün FAYDALIDIR

 17:19 01.10.2026     63

Gündəlik fıstıq istehlakı yaşlı insanların yaddaş və öyrənmə ilə əlaqəli beyin bölgələrində insulinə həssaslığa təsir göstərə bilər. Alimlər bu nəticəyə yaşlı insanların iştirakı ilə keçirilən randomizə edilmiş araşdırma zamanı gəliblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Food & Function” jurnalında dərc olunub.

Araşdırmada orta yaşı 67 olan 31 nəfər iştirak edib. Könüllülər 16 həftə ərzində hər gün qabıqlı, duzsuz və qovrulmuş 60 qram fıstıq istehlak ediblər. Daha sonra onların MRT nəticələri və qan analizləri fıstıq istehlak etmədikləri nəzarət dövründəki göstəricilərlə müqayisə olunub.

MRT müayinəsi beynin bir sıra bölgələrində, o cümlədən yaddaşın formalaşması və öyrənmə prosesində iştirak edən hipokamp və parahipokampal girusda insulinə reaksiyanın dəyişdiyini göstərib. Tədqiqat müəllifləri bu dəyişiklikləri potensial olaraq faydalı hesab edirlər.

Alimlərin sözlərinə görə, fıstıq istehlakı qanda qlükoza və insulin səviyyəsində, yağ mübadiləsi və iltihab göstəricilərində, eləcə də qaraciyərdəki yağ miqdarında nəzərəçarpacaq dəyişiklik yaratmayıb. Bu isə müşahidə olunan təsirin ümumi metabolik göstəricilərin yaxşılaşmasından deyil, beynin insulinə reaksiyasından qaynaqlana biləcəyini göstərir.

Tədqiqatçılar beynin insulinə həssaslığı ilə koqnitiv funksiyalar arasındakı əlaqənin ayrıca araşdırılmasının vacib olduğunu bildirirlər. Eyni elmi qrupun əvvəlki araşdırmasında da yaşlı insanların müntəzəm fıstıq istehlakının yaddaş göstəricilərinin yaxşılaşması ilə əlaqəli olduğu qeyd edilmişdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən