Damar sağlamlığını qorumağın əsas YOLLARI
Ateroskleroz riskini azaltmaq və damar sağlamlığını qorumaq üçün balanslı qidalanma, zərərli vərdişlərdən uzaq durmaq və müntəzəm fiziki aktivlik vacibdir.
Redaktor.az “İzvestiya”ya istinadən xəbər verir ki, kardioloq Anastasiya Poskakalova qan damarlarında xolesterin lövhələrinin yaranmasının qarşısını almaq üçün əsas qaydaları açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, aterosklerozun qarşısını almaq üçün ilk növbədə balanslı qidalanmağa diqqət etmək lazımdır. Duz, əlavə şəkər, doymuş və trans yağlarla zəngin qidaların istifadəsi məhdudlaşdırılmalıdır.
Poskakalova fast food, çips və emal olunmuş ət məhsullarını bu cür qidalara aid edib.
Kardioloq həmçinin siqaretdən və spirtli içkilərdən imtina etməyi, müntəzəm fiziki aktivliyi qorumağı tövsiyə edib.
Yetkinlərə həftədə 150-300 dəqiqə orta səviyyəli fiziki aktivlik və ya ən azı 75 dəqiqə intensiv məşq etmək məsləhət görülür.
Onun sözlərinə görə, ürək-damar sağlamlığını qorumaq üçün qaçış, üzgüçülük, Skandinaviya gəzintisi və güc məşqləri də faydalıdır. Bu məşqlərin həftədə ən azı iki dəfə yerinə yetirilməsi tövsiyə olunur.
Aytəkin TOFİQQIZI













