Demensiya riskini artıran qidalar AÇIQLANDI

 16:51 02.10.2026     72

Tərkibində yüksək miqdarda duz və trans yağlar olan ət yarımfabrikatlarının müntəzəm istehlakı damar mənşəli demensiya riskini artıra bilər.

Redaktor.az xəbər verir ki, bu barədə dietoloq və psixoterapevt Larisa Nikitina Pravda.Ruya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, belə nəticələr bir neçə onlarla elmi institutun mütəxəssisləri tərəfindən 500 min nəfərin iştirakı ilə aparılan genişmiqyaslı araşdırmaya əsaslanır. Tədqiqat zamanı gündə təxminən 25 qram, yəni bir dilim bekona bərabər emal olunmuş ət istehlakının demensiya ehtimalını təxminən 1,5 dəfə artırdığı müəyyən edilib.

Ekspert xüsusilə kolbasa və digər emal olunmuş ət məhsullarında istifadə edilən natrium qlutamata diqqət çəkib. Onun sözlərinə görə, bu dad gücləndiricisinin yüksək miqdarda qəbulu sinir hüceyrələrinə mənfi təsir göstərə bilər.

Bundan əlavə, kolbasa məmulatlarında duzun çox olması xroniki yüksək təzyiqə səbəb ola bilər. Uzun müddət davam edən yüksək qan təzyiqi beyində qan dövranını və sinir toxumalarının qidalanmasını poza bilər. Bu isə koqnitiv pozuntuların inkişafı üçün əlverişli şərait yarada bilər.

Nikitina trans yağların da damarlar üçün təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, bu maddələr damar divarlarının zədələnməsinə və aterosklerozun inkişafına səbəb olaraq beynin oksigenlə kifayət qədər təmin olunmasına mane ola bilər.

Mütəxəssis həmçinin emal olunmuş ət məhsullarının bağırsaq mikroflorasının tərkibinə təsir göstərə biləcəyini qeyd edib.

Dietoloq vurğulayıb ki, problem yalnız konkret bir qida məhsulunda deyil, ümumi qidalanma tərzindədir. Bu səbəbdən gündəlik rasiona yenidən baxılması vacibdir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən