Vəba xəstəliyindən necə qorunmaq olar? - İnfeksionistdən AÇIQLAMA

 17:02 02.10.2026     69

Vəba xüsusilə ağciyər formasında qısa müddət ərzində ağır vəziyyətə səbəb ola bilən təhlükəli infeksiyadır.

Redaktor.az xəbər verir ki, bu barədə infeksionist həkim, tibb elmləri namizədi Andrey Pozdnyakov “İzvestiya”ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, təbiətdə infeksiyanın əsas mənbələri kiçik məməlilər və onların üzərində yaşayan birələrdir. İnsan yoluxmuş birənin dişləməsi, xəstə heyvanların toxumaları ilə təmas və ya ağciyər taununa yoluxmuş şəxsdən havaya yayılan infeksion hissəciklərin tənəffüs edilməsi nəticəsində yoluxa bilər.

Həkim qeyd edib ki, xəstəlik adətən kəskin başlayır. Bu zaman yüksək hərarət, üşütmə, güclü halsızlıq, baş və əzələ ağrıları müşahidə olunur. Vəbanın bubon formasında limfa düyünləri böyüyür və ağrılı olur. Ağciyər formasında isə öskürək, nəfəs darlığı, döş qəfəsində ağrı və bəzi hallarda qanlı bəlğəm yarana bilər.

“Bu formada vəziyyət çox sürətlə pisləşə bilər. Buna görə də mümkün yoluxma mənbəyi ilə təmasdan sonra belə simptomlar yaranarsa, dərhal tibbi yardıma müraciət etmək və mümkün təmas barədə həkimə məlumat vermək lazımdır”, – Pozdnyakov xəbərdarlıq edib.

İnfeksionistin sözlərinə görə, ağciyər vəbasına yoluxma halı təsdiqləndikdə xəstə ilə yaxın təmasda olan şəxslərə xüsusi diqqət yetirilir. Bu şəxslərə təmasın xarakteri və müddəti nəzərə alınmaqla mütəxəssislər tərəfindən antibiotiklərlə təmasdansonrakı profilaktika təyin olunur.

Mütəxəssis bildirib ki, xəstəliyin vaxtında aşkarlanması, xəstənin təcrid edilməsi, təmasda olan şəxslərin müşahidəsi və profilaktik tədbirlər infeksiyanın yayılmasına nəzarət etməyə imkan verir. Antibiotiklərlə müalicə isə vaxtında başladıldıqda effektiv olur.

Həkim endemik ərazilərdə yaşayan insanlara vəhşi gəmiricilər, onların cəsədləri və həyat fəaliyyətinin izləri ilə təmasdan çəkinməyi, həmçinin birə dişləmələrindən qorunmağı tövsiyə edib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən