Payız fəslində vitamin qəbulu necə olmalıdır? - Terapevtdən AÇIQLAMA
"Vitamin qəbulu, ümumiyyətlə, fəsildən asılı olmayaraq, insanların ümumi vəziyyətindən, xəstəliyinin olub-olmamasından, immunitet problemi yaşamasından və ya vitamin çatışmazlığının mövcudluğundan asılıdır. Yəni ehtiyacı olan insanlar hər hansı tibbi müayinədən keçdikdən və vitamin çatışmazlığı müəyyənləşdirildikdən sonra, heç bir fəsildən asılı olmayaraq, vitamin qəbul edə bilərlər".
Bu barədə Redaktor.az-a açıqlamasında terapevt Şahvələd Məmmədov bildirdi.
Həkimin sözlərinə görə, yaşla əlaqədar olaraq, bəzən 50 yaşdan yuxarı qadınlarda və kişilərdə B qrupu vitaminləri demək olar ki, əks göstərişdir:
"50 yaşdan yuxarı insanların bədənində hər hansı törəməyə meyillilik ola bilər və yaxud gizli bir törəmə mövcud ola bilər. B qrupu vitaminləri qidalandırıcı olduğuna görə həmin törəmələrin artımına və ya inkişaf etməsinə səbəb ola bilər. Ona görə gözüyumulu şəkildə “mən vitamin qəbul edim” deyib vitamin qəbul etmək olmaz – yəni konkret olaraq D vitaminidir, maqneziumdur, balıq yağıdır, Omeqa-3-dür. Bunları profilaktik minimal dozalarda hər birimiz qəbul edə bilərik, buna söz yoxdur. Fəsildən asılı olaraq, payız fəslində, indiki mövsümdə, cənub bölgələrində, Azərbaycanı dünyanın cənub bölgəsi kimi götürsək, payız meyvələri vacibdir və onları heç bir vitaminlə əvəz etmək olmaz.
Məsələn, şaftalının tərkibi maqneziumla zəngindir, ərik kaliumla zəngindir, almanın tərkibində dəmir və C vitamini var. Portağal da allergiyası olmayan insanlar üçün C vitamini ilə zəngindir. Mandarin və digər sitrus meyvələri də C vitamini ilə zəngindir və sair. Buna görə payız mövsümündə, havalar bir qədər sərinləşdikcə və insanlar yay meyvələrindən daha az istifadə etdikcə, orqanizmdə müəyyən vitamin və ya mineral çatışmazlığı yarana bilər. Buna görə də, dediyim kimi, standart olaraq konkret kalsium, D vitamini, maqnezium və balıq yağı kimi əlavələri mütəmadi olaraq minimal profilaktik dozalarda qəbul etmək olar. Bunları uzun müddət də qəbul etmək mümkündür, heç bir problem yaratmır. O ki qaldı payız fəslinə, dediyim kimi, sadaladığım vitaminləri payız nədir, qış nədir, yay nədir, bütün mövsümlərdə qəbul etmək olar. Əsasən də payız aylarında bunlara diqqət etmək lazımdır".
NURİYYƏ













