20 dəqiqəlik beyin stimulyasiyası stress zamanı təşvişi AZALDIR
Cəmi 20 dəqiqəlik zəif elektrik beyin stimulyasiyası stressli vəziyyətdə yaranan təşvişi azalda bilər. Təsirin orta səviyyədə və seçici olduğu müəyyənləşib.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Journal of Affective Disorders” jurnalında dərc olunub.
Barselona Muxtar Universitetinin alimləri metodu orta və yaşlı yaş qrupundan olan 42 sağlam insan üzərində sınaqdan keçiriblər. İştirakçıların orta yaşı 59 olub. Onlardan 22 nəfəri real stimulyasiya, 20 nəfəri isə imitasiya edilmiş stimulyasiya alıb.
Tədqiqat zamanı transkranial dəyişən cərəyan stimulyasiyasından (tACS) istifadə olunub. 10 hers tezliyində tətbiq edilən elektrik stimulyasiyası baş dərisinə yerləşdirilən elektrodlar vasitəsilə diqqət və emosiyaların tənzimlənməsinə cavabdeh beyin şəbəkəsinə yönəldilib.
Nəticələr göstərib ki, stimulyasiya məhz stressli tapşırığa cavab olaraq yaranan situativ təşvişi azaldıb. Bununla yanaşı, iştirakçıların stressli vəziyyəti ümumilikdə necə qiymətləndirməsinə təsir göstərməyib və ürək döyüntüsü kimi fiziki stress göstəricilərinə də demək olar ki, təsir etməyib.
Alimlər qeyd edirlər ki, alfa ritmi beynin sakit oyaqlıq və rahat diqqət vəziyyəti ilə əlaqəli elektrik aktivliyidir. Təşviş və stress zamanı bu ritm adətən zəifləyir. Metodun əsas ideyası isə xaricdən müdaxilə etməklə bu ritmi gücləndirmək və beynin emosiyaların tənzimlənməsinin öhdəsindən daha yaxşı gəlməsinə kömək etməkdir.
Tədqiqatın nəticələri qeyri-invaziv beyin stimulyasiyasının gələcəkdə təşvişlə mübarizə üsullarına əlavə vasitə kimi istifadə oluna biləcəyini göstərir. Bununla belə, nəticələrin daha geniş və müxtəlif qruplarda araşdırılması tələb olunur.
Xədicə BAXIŞLI













