70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI
70 yaşlı britaniyalı tibb bacısı Pat Uord infarkt keçirməzdən əvvəl hiss etdiyi iki ilkin simptomu açıqlayıb.
Redaktor.az xəbər verir ki, onun hekayəsi “Daily Mirror” qəzetində dərc olunub.
Təxminən 50 il Liverpul Baş Xəstəxanasında tibb bacısı işləyən qadın hadisə günü işə gedərkən özünü pis hiss edib. Xəstəxanaya çatdıqdan sonra sinəsində və çənəsində ağrı getdikcə güclənib. Uord həmkarına infarkt keçirdiyindən şübhələndiyini deyib.
Bir neçə dəqiqə sonra o, təcili yardım şöbəsinə yerləşdirilib və koronar arteriyada qan axınının bərpası üçün təcili əməliyyat keçirib.
Kardioloq Conatan Hasleton belə hallarda hər dəqiqənin vacib olduğunu bildirib. Onun sözlərinə görə, insanlar vəziyyətin ciddi olmadığını düşünərək tibbi yardıma müraciəti gecikdirə bilərlər. Bu isə ürək əzələsinə zərər verə bilər.
Müalicədən sonra reabilitasiya kursu keçən Uord daha çox hərəkət etməyə və gəzməyə başlayıb, daha sonra isə işinə qayıdıb.
O, insanları sinə, çənə, boyun və ya qollarda ağrı və narahatlıq hiss etdikdə, xüsusilə də bu əlamətlər nəfəs darlığı, ürəkbulanma və ya qəfil tərləmə ilə müşayiət olunarsa, gözləmədən təcili tibbi yardıma müraciət etməyə çağırıb.
Aytəkin TOFİQQIZI













