Oynaqlar üçün faydalı idman növləri AÇIQLANDI

 10:16 06.10.2026     67

Skandinav gəzintisi, üzgüçülük və velosiped sürmək oynaqlara düşən yükü azaltmağa və ağrıları yüngülləşdirməyə kömək edə bilər.

Redaktor.az xəbər verir ki, bunu “Gazeta.Ru”ya açıqlamasında yüksək kateqoriyalı həkim, cərrah, ortoped-travmatoloq Pavel Semiçenkov bildirib.

Onun sözlərinə görə, skandinav gəzintisinin oynaqlar üçün əsas üstünlüyü yükün azalmasıdır. Çubuqlarla gəzinti zamanı bədənin əzələlərinin böyük hissəsi aktiv işləyir, eyni zamanda diz və bud-çanaq oynaqlarına, eləcə də daban sümüklərinə düşən yük azalır.

Həkim qeyd edib ki, bu fəaliyyət növü xüsusilə diz oynaqlarında artroz, bel ağrısı və daban mahmızından əziyyət çəkən insanlar üçün uyğun ola bilər. Bununla belə, çubuqlar insanın boyuna uyğun seçilməli və hərəkətlər düzgün sinxronlaşdırılmalıdır. Əks halda, gözlənilən effekt əldə olunmaya bilər.

Mütəxəssis üzgüçülüyün zədələrdən sonra reabilitasiya dövründə, güclü ağrı sindromu və artıq çəki zamanı faydalı olduğunu bildirib. Onun sözlərinə görə, suda məşq oynaqlara zərbə yükü yaratmadan əzələləri gücləndirməyə və oynaqların hərəkətliliyini bərpa etməyə imkan verir.

Həkim soyuq suda üzməyin isə orqanizm üçün əlavə stress yarada biləcəyini vurğulayıb. Onun sözlərinə görə, soyuq su damarların spazmına səbəb olaraq vəziyyətin kəskinləşməsinə gətirib çıxara bilər. Bu səbəbdən üzgüçülük üçün suyun temperaturu komfortlu olmalıdır.

Velosiped sürməyin də oynaqlara düşən yükü azaltdığını deyən Semiçenkov bunun əsasən hamar yolda keçərli olduğunu qeyd edib. Dağ velosipedi, kələ-kötür ərazidə sürmək, kəskin eniş-yoxuşlar və tullanışlar isə daha travmatik ola bilər.

Bel nahiyəsində problem yaşayan şəxslərə isə həkim vibrasiyanın olmadığı velotrenajora üstünlük verməyi tövsiyə edib.

Mütəxəssis bildirib ki, yüksək kalorili məşq və bütün bədənin çalışması tələb olunursa, skandinav gəzintisi uyğun seçimdir. Güclü ağrı və ya reabilitasiya dövründə isə üzgüçülüyü velosipedlə birlikdə tətbiq etmək faydalı ola bilər.

Həkim əsas qaydanın məşqlərə tədricən başlamaq, əvvəlcədən isinmək və ağrıya dözməmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, hərəkət zamanı oynaqda ağrı yaranırsa, bu, seçilən fiziki yükün uyğun olmadığını göstərən siqnal ola bilər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən