Uşaqlarda öskürək zamanı bu üsullardan istifadə etmək olmaz - XƏBƏRDARLIQ
Uşaqlarda öskürək yarandıqda valideynlər bəzən müxtəlif inhalyasiya və siroplardan istifadə edirlər. Lakin bəzi üsullar azyaşlı uşaqlar üçün təhlükəli ola bilər.
Redaktor.az xəbər verir ki, pulmonoloq, allerqoloq-immunoloq Pavel Berejanski bildirib ki, 5-6 yaşdan kiçik uşaqlar fizioloji olaraq bəlğəmi effektiv şəkildə xaric edə bilmirlər. Buna görə də bəlğəmi durulaşdıran mukolitiklərin nəzarətsiz istifadəsi aşağı tənəffüs yollarında bəlğəmin çoxalmasına səbəb ola bilər.
Mütəxəssis uşağın olduğu otaqda rütubətin 50-55 faiz səviyyəsində saxlanılmasını tövsiyə edib. Onun sözlərinə görə, quru hava selikli qişaların qurumasına, şişkinliyə və xəstəliyin uzanmasına səbəb ola bilər.
Həkim həmçinin öskürək zamanı mineral su ilə inhalyasiyadan, çobanyastığı dəmləmələrindən və aloe vera şirəsindən istifadə etməməyi məsləhət görüb. Nebulizer vasitəsilə bu maddələrin ağciyərlərin dərin hissələrinə çatması bronxospazm və allergik reaksiyalara səbəb ola bilər.
Mukolitiklərin həkim tərəfindən təyin edildiyi halda isə onların axşam saatlarında verilməsi məsləhət görülmür. Mütəxəssis son dozanın yuxudan ən azı 4-5 saat əvvəl qəbul edilməsini tövsiyə edib.
Bundan əlavə, uşağın kifayət qədər yatması, fiziki aktivliyi və tənəffüs yollarında toplanan ifrazatın xaric edilməsinə kömək edən üsullardan istifadə olunması vacibdir. Həkim xardal plasterləri və yod torlarından istifadəni də məsləhət görməyib.
Aytəkin TOFİQQIZI













