50 yaşdan aşağı insanlarda xərçəng niyə artır? - SƏBƏBİ AÇIQLANDI
001-ci ildən etibarən İngiltərə, ABŞ və Niderlandda 50 yaşdan aşağı insanlar arasında bəzi xərçəng növlərinin yayılma tezliyi kəskin artıb.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, ümumdünya Xərçəng Araşdırmaları Fondunun (WCRF) analitikləri bu tendensiyanın əsas səbəbləri arasında piylənmə, qeyri-sağlam qidalanma və gənclər arasında fiziki aktivliyin azalmasını göstəriblər.
Məlumata görə, İngiltərədə 50 yaşdan aşağı kişilər arasında prostat xərçənginə tutulma halları son iki onillikdə dörd dəfə artıb. Bu göstərici hər 100 min nəfərə 1 hadisədən 3,6 hadisəyə yüksəlib.
Erkən yaşlarda bağırsaq xərçəngi hallarının sayı isə iki dəfədən çox artaraq 100 min nəfərə 3,9-dan 8,4 hadisəyə çatıb. Böyrək və uşaqlıq yolu xərçənglərinin yayılma göstəriciləri də iki dəfə artıb.
ABŞ-də isə 2000-ci ildən etibarən gənclər arasında böyrək xərçənginin yayılması iki dəfədən çox artıb. Bağırsaq və mədəaltı vəzi xərçənglərinin göstəricilərində isə 50 faizdən çox artım qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, onkoloji xəstəliklərin təxminən 40 faizi dəyişdirilə bilən risk faktorları ilə əlaqəlidir. Bunlara artıq çəki, alkoqol qəbulu, oturaq həyat tərzi və ətraf mühitin çirklənməsi daxildir.
Bununla yanaşı, üç ölkədə gənclər arasında ağciyər xərçənginin yayılmasının azalması müşahidə olunub. Alimlər bunu siqaretə qarşı mübarizənin nəticəsi kimi qiymətləndirirlər.
Kraliça Universitetinin rəqəmsal sağlamlıq üzrə professoru Mark Louler vəziyyəti “gecikmiş bomba” adlandıraraq, həyat tərzi ilə bağlı risk faktorlarının artıq minlərlə insanın ölümünə səbəb olduğunu bildirib.
Mütəxəssislər qeyd edirlər ki, 50 yaşdan aşağı insanlarda xərçəng hələ də nisbətən nadir hallarda rast gəlinir. Xərçəng diaqnozu qoyulan şəxslərin median yaşı 60-dan yuxarıdır.
Bu tendensiyanın dəqiq səbəblərini müəyyənləşdirmək üçün London Kral Kolleci 250 min insanın iştirak edəcəyi genişmiqyaslı araşdırmaya başlayır.
NURİYYƏ













