Ultra emal olunmuş qidalar orqanizmdə hansı dəyişikliklərə səbəb olur? - ARAŞDIRMA
Ultra emal olunmuş qidalar beynin qidaya reaksiyasını dəyişə bilər. 57 sağlam yetkinin iştirak etdiyi araşdırmada ultra emal olunmuş qidaların adi qidalarla eyni miqdarda kalori və əsas qida maddələri ehtiva etməsinə baxmayaraq, beynin qidaya reaksiyasına təsir göstərə bildiyi müəyyənləşib.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Metabolism” jurnalında dərc olunub.
Ultra emal olunmuş qidalara bir neçə sənaye emalı mərhələsindən keçən və müxtəlif qida əlavələri ehtiva edən məhsullar daxildir. Bunlara səhər yeməyi dənli bitkiləri, qəlyanaltılar, şirniyyatlar, bəzi kolbasa növləri, yarımfabrikatlar və hazır yeməklər aid edilir.
Araşdırma zamanı iştirakçılara adi və ultra emal olunmuş qidalardan ibarət iki fərqli menyu təqdim edilib. Hər iki menyu təxminən eyni miqdarda kalori, zülal, yağ və karbohidrat təmin edəcək şəkildə hazırlanıb.
Buna baxmayaraq, orqanizmin reaksiyası fərqli olub. Ultra emal olunmuş qidaların qəbulundan sonra insulin səviyyəsində daha güclü artım müşahidə edilib. Həmçinin orqanizmin qəbul edilən karbohidratlardan enerji mənbəyi kimi istifadə etmə qabiliyyətində dəyişiklik qeydə alınıb.
Tədqiqatçılar beynin fəaliyyətində də fərqlər aşkar ediblər. Adi qidaların qəbulundan sonra qidanın insan üçün nə qədər cəlbedici olmasından asılı olaraq striatum və görmə qabığında aktivlik artıb. Ultra emal olunmuş qidaların qəbulundan sonra isə bu əlaqənin əks istiqamətdə dəyişdiyi müəyyənləşib.
Araşdırmaya görə, karbohidratların emalındakı dəyişikliklər yemək davranışı və mükafatlandırma prosesində iştirak edən striatumdakı beyin fəaliyyəti ilə də əlaqəli olub.
Aytəkin TOFİQQIZI













