Yeni nəsil linzalar uşaqlara da implantasiya edilə bilər? - Oftalmoloqdan AÇIQLAMA
“Yaş məhdudiyyəti əvvəl var idi, indi isə yavaş-yavaş bu diapazon genişləndirilir. Yəni əvvəllər, tutaq ki, 20 yaşa qədər bu linzaları qoymurduqsa, indi artıq elmi araşdırmalar göstərir ki, bu linzaları uşaqlara da implantasiya etmək olar”.
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında oftalmoloq İmran Cərullazadə dedi.
Həkimin sözlərinə görə, tam yaşlı insanlar deyirlər ki, “Mən nə edirəm? Onsuz da eynəklə oxuyacağam, istəmirəm”. Belə yanaşan insanlar da var:
“Bir qrup insan da var ki, onlar çox xırda detallara fikir verirlər. Biz buna perfeksionist deyirik. Onlar üçün hər şey ideal olmalıdır. Belə insanlara bu linzanın qoyulmasını məsləhət görmürük. Çünki onlar hər şeydə bir problem tapırlar. Bu linzada da 100 faiz problem tapacaqlar. Bu, artıq psixoloji məsələdir. Əks göstərişlərə gəldikdə isə, tibbi cəhətdən, sizə bu gün dediyim kimi, müəyyən psixoloji məsələlər var. Amma tibbi baxımdan, tutaq ki, göz dibində insanın hər hansı problemi varsa, bunu mütləq əvvəlcədən xəstə ilə müzakirə etmək lazımdır. Xəstəyə izah edilməlidir ki, siz bu linzanı gözünüzə implantasiya etdirsəniz, ola bilsin ki, onun bütün imkanlarından, bütün üstünlüklərindən tam istifadə edə bilməyəcəksiniz.
Tutaq ki, çox bahalı və əla bir avtomobil almısınız və onunla elə bir yerə gedirsiniz ki, orada yollar zəifdir. Siz həmin avtomobillə yüksək sürətlə hərəkət edə bilməyəcəksiniz. Bax, burada da məsələ belədir. Yəni gözün vəziyyəti ideal vəziyyətə çox yaxın olmalıdır ki, bu linzanın imkanlarından tam istifadə edə bilək”.
NURİYYƏ













