"İcbari Sığorta yaranandan növbəyə dayanmaq xəstələrin canını boğaza yığıb" - AÇIQLAMA 

 15:44 07.10.2026     176

Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda elektron sistemin sıradan çıxması səbəbindən xəstəxanada sıxlıq və uzun növbələr yaranıb. Bu haqda bloqerlərdən biri paylaşım edərək narazılığını bildirib.

Belə problemlərin yaranmasına səbəb nədir? Rəqəmsallıq bizə yarayır, yoxsa növbəni daha da uzadır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırovun sözlərinə görə, Travmatologiya İnstitutunda baş verən hadisə birinci hadisə deyil.

Həkim bildirdi ki, icbari sığorta çox gözəl şeydir:

"Söhbət ondan getmir, amma İcbari Sığorta yaranandan növbəyə dayanmaq xəstələrin canını boğaza yığıb. Bəzən elə olur ki, xəstələr növbəyə dayanmamaq üçün məcbur özəl klinikalara üz tuturlar. Poliklinikaya isə müraciət etmək istəmirlər.

Misal üçün, bir MRT-dən, maqnit-rezonans tomoqrafiyadan keçməkdən ötrü xəstə gedir ki, müraciət etsin. Onu əvvəlcə böyük xəstəxanaların birinə, hansı rayon hara təhkim olunub, həmin baş idarənin birinə göndərirlər. Şəxs həmin baş idarədə 3 gün qəbul növbəsi gözləyir. 3 gündən sonra həkimin qəbuluna girir. Həkimin qəbuluna girəndən sonra müəyyən edirlər ki, hə, doğrudan da buna lazımdır, yoxsa lazım deyil. Onu “lazımdır, lazım deyil”i müəyyənləşdirəndən sonra deyirlər ki, hə, indi səni yazdıq növbəyə, 2 həftədən sonra gələrsən, MRT-ni keçərsən. 2 həftədən sonra gedir, MRT-ni keçir, MRT-ni keçəndən sonra deyirlər, hə, cavabın da gəlib, 2 həftədən sonra apararsan. Bu sistem kimə lazımdır? Kim bu sistemin dalınca gedər? Bir müddət insanlar bu sistemin arxasınca gedir, axırda bezirlər. Bundan sonra hamısı özəl klinikalara üz tuturlar ki, işlərini həll etsinlər”.

Müsahibimiz vurğuladı ki, elektron sistemlə işləyəndə gərək ölkəmizdə sürətli internet olsun:

“Sürətli internet olmalıdır ki, tez bir zamanda məsələ həll olunsun və növbə söhbəti olmasın. Bizdə internetin qiymətini qaldırdılar ki, sürətli olacaq, amma ortada sürət yoxdur. Nəticədə də görürsən ki, bir xəttin üstünə bütün həkimlər yüklənir. Poliklinikalarda “sistem dayandı” anlayışı İcbari Sığorta başlayan, elektron resept meydana çıxandan bəri belədir. Bir dənə resepti yazır, ikinci reseptdə “sistem dayandı”, oturub gözləyirlər yarım saat, 1 saat. Bütün xəstələr hamısı gözləyir ki, hə, sistem işə düşəndən sonra bunlar başlayacaq ikinci dərmanı yazmağa, üçüncü dərmanı və s. Əslində, bu işin belə getməyi xəstələrə həddindən artıq əzab verir. Xəstələr bir gün bir resept almaq üçün növbədə neçə saat gözləyirlər. Növbəti çatanda sistem də dayanda görürsən axşama kimi vaxtlarını itirirlər ki, bir dənə reseptə bir dənə dərman həkim yazsın ki, evinə getsin.

Həmin o “sistem dayandı” anlayışı bu anlayışdır. Bu da çox xəstələr üçün çox ciddi problemlərdən biridir. Ancaq bunun aradan qaldırılması odur ki, gərək sürətli internet buraxılsın və bir xəttin üstündə yüklənmə çox olmasın ki, insanlar ondan istifadə edib işləri yola verə bilsinlər”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən