“İnsanların 5 faizi bu linzalara öyrəşə bilməz” - Oftalmoloq səbəbini AÇIQLADI
“Xəstələr soruşurlar: “Bu linza mənim bədənim tərəfindən qəbul olunacaq, ya yox?” Bu linzaların materiallarının hamısı inertdir. İnert nə deməkdir? Yəni bədəndə heç bir reaksiya yaratmır. Ona görə də linzaya öyrəşməyə o qədər də ehtiyac yoxdur. Linza gözün kisə adlanan hissəsinə yerləşdirilir və həmin kisənin içində sinir yoxdur. Sinir yoxdursa, bu, elə bil sizin dırnağınızdır və ya saçınızdır. Bərbərin yanına gedəndə saçımız kəsilir, amma biz ağrı hiss etmirik. Linzada da eyni vəziyyətdir. Orada hissiyyat yoxdur”.
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında oftalmoloq İmran Cərullazadə bildirdi.
Onun sözlərinə görə, yeni nəsil linzalara isə o qədər də adaptasiya ehtiyacı yoxdur:
“Amma multifokal linzalarda, yəni bütün məsafələrdə eynəksiz görməyə imkan verən linzalarda adaptasiya prosesi gedir. Bunun adı neyroadaptasiyadır. Neyroadaptasiya bir gün də davam edə bilər, altı ay da çəkə bilər. Adətən insanlar bir-iki həftə ərzində tam adaptasiya olurlar. Şirkətin öz məlumatına görə, insanların 5 faizə qədəri bu linzalara ümumiyyətlə öyrəşə bilməz.
Düzdür, mənim təcrübəmdə də belə bir insan olub ki, linzaya öyrəşə bilməyib. Amma bu, indiki nəsil linzalardan deyildi, təxminən 10 il əvvəl istifadə olunan linzalardan biri idi. Yenə də yeni nəsil linzalara aid edilirdi, amma ilk linzalardan biri idi. İndiki linzalarda belə bir hal ilə mən rastlaşmamışam. Yenə də demirəm ki, 100 faiz hər kəsdə adaptasiya baş verir. Yəqin ki, nə vaxtsa elə bir insan olacaq ki, adaptasiya olunmayacaq. Amma bu da problem deyil, çünki linzanı dəyişmək mümkündür. Belə halda həmin linza çıxarılaraq monofokal, yəni yalnız bir məsafəni göstərən linza qoyula bilər. Bundan sonra isə insan eynəkdən istifadə edəcək”.
NURİYYƏ













