Çox protein qəbul etmək kalori defisiti olmadan arıqlamağa kömək etmir - Həkim
Yüksək proteinli qidalanmanın arıqlamağa kömək etdiyi geniş yayılmış fikirdir. Lakin kalori defisiti olmadıqda yalnız protein qəbulunu artırmaq çəki itirməyə səbəb olmur.
Redaktor.az xəbər verir ki, bunu endokrinoloq Pavel Baranov “Telegram” kanalında paylaşımında bildirib.
Həkimin sözlərinə görə, orqanizm proteini həzm edərkən həqiqətən daha çox enerji sərf edir. Lakin bu, proteini məhdudiyyətsiz qəbul etməklə arıqlamağın mümkün olduğu anlamına gəlmir.
Baranov bildirib ki, protein yağdan fərqli olaraq orqanizmdə eyni şəkildə toplanmır və artıq protein xaric edilir. “Lakin protein yandırıldığı müddətdə qidadan alınan yağ yandırılmır, əksinə, ehtiyat kimi toplanır”, - deyə həkim izah edib.
Endokrinoloq qeyd edib ki, yüksək proteinli qidalanma kalori defisiti olduqda arıqlama prosesinə kömək edə bilər. Protein daha uzun müddət toxluq hissi yaradır, əzələ kütləsinin qorunmasına kömək edir və həzm zamanı daha çox enerji tələb edir.
Bununla belə, qəbul edilən kalorinin orqanizmin gündəlik enerji tələbatını aşması halında yağ itkisi baş verməyəcək. Həkim nümunə olaraq bildirib ki, hesablanmış kalori defisitinə əlavə olaraq qəbul edilən bir neçə protein kokteyli həmin defisiti aradan qaldıra bilər.
Xədicə BAXIŞLI













