Gecə növbəsində işləmək sağlamlıq üçün təhlükəlidir - Həkimdən xəbərdarlıq
Gecə və növbəli iş rejimi orqanizmin bioloji ritmini poza bilər. Bu isə uzunmüddətli perspektivdə sağlamlıq üçün müxtəlif risklər yarada bilər.
Redaktor.az “İzvestiya”ya istinadən xəbər verir ki, bunu profilaktik inteqrativ tibb həkimi Anastasiya Samoylova deyib.
Onun sözlərinə görə, insan gecə saatlarında işlədikdə orqanizmin təbii bərpa prosesləri pozulur. Məhz gecə vaxtı bədəndə DNT-nin bərpası, zülalların sintezi və beynin təmizlənməsi kimi proseslər daha aktiv şəkildə həyata keçirilir.
Həkim bildirib ki, gecə növbəsində işləmək reproduktiv funksiyanın və hormonal balansın pozulmasına, artıq çəkiyə, eləcə də erkən yaşlanmaya səbəb ola bilər.
Samoylova xüsusilə gündüz və gecə növbələrinin tez-tez dəyişdiyi iş qrafiklərini riskli hesab edir. Onun sözlərinə görə, belə hallarda orqanizmin daxili bioloji ritmləri dəyişikliklərə uyğunlaşmağa vaxt tapmır.
Həkim həmçinin həddindən artıq nəzarət tələb edən işlərin və növbələrin sinir sistemi üçün əlavə yük yaratdığını vurğulayıb.
Aytəkin TOFİQQIZI













