Yataqda telefondan istifadə bu ağrılara səbəb ola BİLƏR
Yataqda uzanaraq telefondan istifadə etmək, xüsusilə də cihazı qarın və ya dizlərin üzərinə qoyaraq uzun müddət başı aşağı əymək boyun və onurğaya əlavə yük yaradır. Bu vərdiş əzələ gərginliyinə, baş ağrılarına və yuxu problemlərinə səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya nevroloq, “Olimp Clinic MARS” klinikasının nevrologiya şöbəsinin müdiri Anton Tixonovski və ORMATEK şirkətinin ekspertləri məlumat veriblər.
Həkimin sözlərinə görə, uzun müddət başı eyni vəziyyətdə saxlamaq boyun, çiyin qurşağı və kürəyin yuxarı hissəsindəki əzələlərin həddindən artıq gərginləşməsinə səbəb olur. Nəticədə boyun nahiyəsində, kürək sümüklərinin ətrafında ağrılar və gərginlik tipli baş ağrıları yarana bilər.
Nevroloq düz yastıqda və ya böyrü üstə uzanaraq telefon oxumağı məsləhət görmür. Belə vəziyyətlərdə boyun təbii olmayan mövqedə qalır, bəzən isə insan bədəninin yuxarı hissəsini saxlamaq üçün əlinə söykənməli olur.
Daha uyğun variant arxanı və boynu möhkəm yastıqla dəstəkləyərək təxminən 45–60 dərəcə bucaq altında oturmaq və ya yarıuzanıqlı vəziyyətdə olmaqdır.
“Telefonu və ya planşeti qarın və dizlərin üzərinə qoymaq məsləhət deyil. Bu zaman başı irəliyə doğru daha çox əymək lazım gəlir. Başın hər 15 dərəcə əyilməsi boyun onurğasına düşən yükü təxminən iki dəfə artırır”, – deyə Tixonovski bildirib.
Onun sözlərinə görə, cihazı üz nahiyəsindən 30–40 santimetr məsafədə, təxminən sinə və ya çənə səviyyəsində yerləşdirmək daha məqsədəuyğundur. Bunun üçün möhkəm yastıqdan və ya xüsusi telefondan istifadə üçün nəzərdə tutulmuş altlıqdan yararlanmaq olar.
Bel nahiyəsinə düşən yükü azaltmaq üçün dizlərin altına kiçik yastıq və ya bükülmüş örtük qoymaq da tövsiyə edilir. ORMATEK şirkətinin yastıqlar üzrə məhsul meneceri Marina Vlasova isə bildirir ki, böyrü üstə yatarkən yastığın uyğun hündürlüyü yalnız çiyinlərin enindən deyil, döşəyin bədənin ağırlığı altında nə qədər çökməsindən də asılıdır.
Mütəxəssislər yataqda telefon istifadəsinin başqa bir riskinə də diqqət çəkirlər. Belə ki, davamlı informasiya axını insanın emosional gərginliyini artıra və yuxuya getməsini çətinləşdirə bilər.
Tixonovskinin sözlərinə görə, yataqda sosial şəbəkələrdə davamlı olaraq mənfi xəbərləri izləmək narahatlığı artırır, kortizol və noradrenalin kimi stress hormonlarının ifrazına təsir göstərir. Bunun nəticəsində yuxu səthi ola, uzun müddət davam edən vərdiş isə yuxusuzluğa səbəb ola bilər.
Həkim axşam saatlarında telefondan istifadə etdikdən sonra mütəmadi olaraq boyun ağrısı, əllərdə keyimə və ya yuxuya getməkdə çətinlik yaranarsa, ekran qarşısında keçirilən vaxtı azaltmağı və həkimə müraciət etməyi tövsiyə edib.
NURİYYƏ













