Qan şəkərinin yüksəlməsinin qarşısını alan sadə MƏHSUL

 11:26 09.10.2026     72

Zeytun yağının karbohidrat qəbulundan əvvəl istifadə edilməsi yeməkdən sonra qanda qlükoza səviyyəsinin ilkin yüksəlişini azalda və mədənin boşalmasını ləngidə bilər. Yapon alimləri bu nəticəyə siçanlar üzərində apardıqları araşdırma nəticəsində gəliblər.

Redaktor.az xəbər verir ki, Kioto Universitetinin alimlərinin tədqiqatı “Diabetes” elmi jurnalında dərc olunub.

Tədqiqatçılar uzun müddət ac saxlanılan siçanları üç qrupa bölüblər. Birinci qrupa əvvəlcə su, sonra qlükoza, ikinci qrupa əvvəlcə zeytun yağı, 15 dəqiqə sonra isə qlükoza verilib. Üçüncü qrupda isə bunun əksi tətbiq olunub: əvvəl qlükoza, 15 dəqiqə sonra zeytun yağı qəbul etdirilib.

Alimlər qidalanmadan sonra heyvanların qanında qlükoza, insulin, qlükaqon, GIP və GLP-1 hormonlarının səviyyəsini ölçüblər. Mədənin boşalma sürətini müəyyənləşdirmək üçün isə parasetamoldan istifadə ediblər.

Nəticələr göstərib ki, qlükozadan əvvəl zeytun yağı qəbul edən siçanlarda qanda şəkərin ilkin yüksəlişi daha zəif olub və mədənin boşalması ləngiyib. Yağın əvvəl qəbul edilməsi, həmçinin qlükaqon, GIP və GLP-1 hormonlarının ilkin ifrazını artırıb.

Tədqiqatçılar təcrübəni 2-ci tip diabeti olan və insulin çatışmazlığı yaşayan siçanlar üzərində də təkrarlayıblar. Bu heyvanlarda da oxşar nəticələr qeydə alınıb.

Araşdırma zamanı məlum olub ki, zeytun yağının qlükoza səviyyəsinə təsiri bir neçə hormonal və sinir mexanizminin qarşılıqlı fəaliyyəti ilə əlaqəli ola bilər. Xüsusilə, beyinlə həzm sistemi arasında əlaqə yaradan azan sinirin siqnal yollarının bu prosesdə iştirak etdiyi müəyyən edilib.

Tədqiqatın müəlliflərindən Daisuke Yabenin sözlərinə görə, qida maddələrinin bağırsağa hansı ardıcıllıqla daxil olması hormonal və sinir reaksiyalarını işə sala, qlükozanın mədədən bağırsağa keçmə sürətini dəyişə bilər.

Alimlər hesab edirlər ki, əldə olunan nəticələr qidaların hansı ardıcıllıqla qəbul edilməsinin yeməkdən sonrakı qan şəkərinə təsirini izah etməyə kömək edir. Bununla belə, araşdırma siçanlar üzərində aparılıb və zeytun yağının insanlarda da eyni nəticəni verib-vermədiyini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən