Yapon əzgilində xərçənglə əlaqəli bakteriyaya qarşı təsir AŞKARLANDI
Yapon əzgilinin ekstraktı mədə xərçəngi riskinin artması ilə əlaqəli olan Helicobacter pylori bakteriyasının çoxalmasını dayandıra bilər. Çinli alimlər laboratoriya təcrübələri zamanı ekstraktın antibiotiklərə davamlı bəzi bakteriya növlərinə qarşı da təsir göstərdiyini müəyyən ediblər.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Food & Function” elmi jurnalında dərc olunub.
Tədqiqatçılar bakteriyaya qarşı təsir göstərə biləcək maddələri müəyyənləşdirmək üçün 17 növ yeməli bitkinin ekstraktını araşdırıblar. Ən güclü nəticə isə yapon əzgili, başqa adı ilə muşmula bitkisinin ekstraktında müşahidə olunub.
Laboratoriya sınaqları zamanı ekstraktın bakteriyanın çoxalmasını zəiflətdiyi, həmçinin onun mədə hüceyrələrinə zərər vurmasına kömək edən genlərin aktivliyini azaltdığı müəyyən edilib. Siçanlar üzərində aparılan təcrübələrdə isə ekstraktın iltihabı azaltdığı və mədənin selikli qişasının bərpasına kömək etdiyi müşahidə olunub. İnsan hüceyrələri ilə aparılan sınaqlarda da qoruyucu təsir qeydə alınıb.
Alimlər hesab edirlər ki, bu təsirdə yapon ərikinin tərkibindəki üzvi turşular mühüm rol oynaya bilər. Həmin maddələrin H. pylori bakteriyasının mədə hüceyrələrinin fəaliyyətini pozmasına kömək edən CagA zülalı ilə qarşılıqlı təsir göstərə biləcəyi ehtimal olunur. Bu zülal toxumaların zədələnməsi və xərçəng riskinin yüksəlməsi ilə əlaqələndirilir.
Helicobacter pylori geniş yayılmış bakteriyadır və xroniki qastrit, eləcə də mədə xorası xəstəliyinin əsas səbəblərindən biri hesab olunur. Bakteriyanın aradan qaldırılması üçün antibiotiklərdən və digər dərmanlardan ibarət müalicə sxemləri tətbiq edilir. Lakin bəzi bakteriya növlərinin dərmanlara davamlı olması müalicəni çətinləşdirə bilər.
Tədqiqat müəllifləri yapon əzgilinin tərkibindəki maddələrin gələcəkdə infeksiyaya qarşı əlavə müalicə vasitələrinin hazırlanmasında istifadə oluna biləcəyini düşünürlər.
Bununla belə, nəticələrin hələlik laboratoriya şəraitində, heyvanlar və hüceyrələr üzərində aparılan təcrübələrə əsaslandığı vurğulanır. Yapon əzgilinin özünü yeməyin insanlarda H. pylori bakteriyasını aradan qaldırıb-qaldırmadığı isə hələ məlum deyil. Buna görə də meyvə bakteriyaya qarşı sübut olunmuş müalicəni əvəz etmir.
NURİYYƏ













