Güc məşqləri arıqlamadan əvvəl piy hüceyrələrinin ölçüsünü azalda BİLƏR
Güc məşqləri bədəndə piy hüceyrələrinin ölçüsünü kiçildə və piy toplanmasına səbəb olan prosesləri zəiflədə bilər. Alimlər müəyyən ediblər ki, bu dəyişikliklər insanın çəkisi nəzərəçarpacaq dərəcədə azalmamışdan əvvəl də baş verə bilər.
Redaktor.az xəbər verir ki, bu nəticəyə Braziliyanın Kampinas Universitetinin tədqiqatçıları piylənmədən əziyyət çəkən siçanlar üzərində apardıqları araşdırma zamanı gəliblər. Tədqiqatın nəticələri “Life Sciences” jurnalında dərc olunub.
Alimlər fiziki məşqlərin bədən çəkisinin azalmasından asılı olmayaraq piy toxumasına necə təsir etdiyini öyrənmək istəyiblər. Bunun üçün siçanlar bir həftə ərzində quyruqlarına yük bağlanaraq hündürlüyü 70 santimetr olan pilləkənlə yuxarı qalxmağa məcbur ediliblər. Ümumilikdə yeddi məşq seansı keçirilib.
Nəticələr göstərib ki, məşq edən siçanlarda hərəkətsiz həyat tərzi keçirən piylənmiş siçanlarla müqayisədə daxili orqanları əhatə edən visseral piy daha az olub. Həmçinin onların piy hüceyrələrinin ölçüsü kiçilib. Tədqiqatçılar bunu piy toxumasının vəziyyətində müsbət dəyişikliklərin göstəricisi kimi qiymətləndiriblər.
Bundan başqa, alimlər piy mübadiləsində iştirak edən molekulyar mexanizmlərdə dəyişikliklər aşkar ediblər. Piylərin parçalanması ilə əlaqəli proseslər güclənib, onların yaranmasında iştirak edən Scd1 geninin aktivliyi isə azalıb. Eyni zamanda, piy ehtiyatlarının parçalanmasında rol oynayan ABHD5 və ATGL zülalları arasındakı qarşılıqlı əlaqədə də dəyişikliklər müşahidə olunub.
Tədqiqatçı Leandro Mouranın sözlərinə görə, cəmi yeddi günlük güc məşqindən sonra, hətta bədən çəkisi azalmadığı halda belə, piy toplanmasını təşviq edən molekulyar proseslərin aktivliyi zəifləyib, piylərin parçalanması mexanizmləri isə daha səmərəli işləyib. Bu nəticələr tərəzidəki rəqəm dəyişməsə belə, fiziki aktivliyin orqanizmə fayda verə biləcəyini izah edir.
Bununla belə, araşdırmanın yalnız siçanlar üzərində aparıldığı və yeddi məşq seansını əhatə etdiyi qeyd olunur. Oxşar dəyişikliklərin insanlarda nə qədər müddətə baş verdiyini və uzunmüddətli sağlamlığa necə təsir etdiyini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.
NURİYYƏ













