Ağciyər xəstəliklərinin ilk əlamətləri BUNLARDIR
Ağciyər xəstəlikləri, o cümlədən xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. İnsanlar bəzən nəfəsalma qabiliyyətinin zəifləməsini yaşlanma və ya ətraf mühitin təsiri ilə əlaqələndirərək bu dəyişikliklərə alışırlar. Halbuki gündəlik fiziki aktivliyin azalması və adi işlər zamanı nəfəs darlığının yaranması ağciyərlərdə problem olduğuna işarə edə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə rusiyalı pulmonoloq, tibb elmləri doktoru, professor Zaurbek Aysanov “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, təhlükəli ağciyər xəstəliklərinin əsas göstəricilərindən biri insanın əvvəlki fiziki imkanlarının dəyişməsidir. Məsələn, əvvəllər üçüncü mərtəbəyə rahat qalxan şəxsin indi ikinci mərtəbədə dayanıb dincəlməyə ehtiyac duyması, gəzinti zamanı başqalarından geri qalması və ya ayaqqabısının bağını bağlayarkən belə sinəsində ağırlıq hiss etməsi diqqətdən kənarda qalmamalıdır.
Nəfəsvermə zamanı fitə bənzər səsin yaranması, uzanarkən nəfəs darlığı və səhərlər müşahidə olunan öskürək də xəbərdaredici əlamətlər sırasındadır. Xüsusilə siqaret çəkənlərin adi hal hesab etdiyi səhər öskürəyinə laqeyd yanaşmaq olmaz.
Bundan əlavə, üç həftədən çox davam edən bəlğəmli öskürək, tez-tez bronxitə tutulma, uzun müddət keçməyən soyuqdəymə, sürətli yorulma, dodaqların və barmaq uclarının göyərməsi də həkimə müraciət etməyi tələb edən əlamətlərdir.
Mütəxəssis erkən diaqnostikada spirometriyanın mühüm rol oynadığını vurğulayıb. Ağrısız müayinə olan spirometriya bir neçə dəqiqə ərzində ağciyərlərin hava tutumunu və nəfəsvermə sürətini qiymətləndirməyə imkan verir. Bu üsul simptomlar gündəlik həyata ciddi təsir göstərməzdən əvvəl bronxların daralmasını aşkar edə bilər.
Həkimin sözlərinə görə, 40 yaşdan yuxarı şəxslər, siqaret çəkənlər və istehsalat sahələrində çalışanlar spirometriya müayinəsindən mütəmadi keçməyə xüsusi diqqət yetirməlidirlər.
“PSK Pharma” şirkətinin baş direktoru Yevgeniya Şapiro isə bildirib ki, son illərdə xroniki obstruktiv ağciyər xəstəliyi də daxil olmaqla, tənəffüs sistemi xəstəliklərinin aşkarlanması halları artıb. Onun sözlərinə görə, diaqnostika imkanlarının yaxşılaşması daha çox insanın vaxtında həkimə müraciət etməsinə şərait yaradır. Bununla belə, xəstəliklər hələ də çox vaxt gec mərhələdə müəyyən edilir və bu, müalicənin nəticələrinə mənfi təsir göstərə bilər.
NURİYYƏ













