Zeytun yağı qanda şəkərin yüksəlməsini ləngidə bilər – Araşdırma
Yaponiyanın Kioto Universitetinin alimləri müəyyən ediblər ki, karbohidrat qəbulundan qısa müddət əvvəl zeytun yağı yeməkdən sonra qanda şəkərin kəskin yüksəlməsini zəiflədə bilər. Lakin bu nəticə hələlik yalnız siçanlar üzərində aparılan təcrübələrdə müşahidə olunub.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Diabetes” jurnalında dərc edilib.
Təcrübə zamanı gecəboyu ac saxlanılan siçanlar bir neçə qrupa bölünüb. Birinci qrupa qlükoza verilməzdən 15 dəqiqə əvvəl zeytun yağı, ikinci qrupa əvvəlcə qlükoza, daha sonra isə yağ verilib. Nəzarət qrupundakı heyvanlara isə qlükozadan əvvəl su içirdilib.
Nəticələr göstərib ki, əvvəlcə zeytun yağı qəbul edən siçanlarda yeməkdən dərhal sonra qanda qlükozanın səviyyəsi digər qruplarla müqayisədə xeyli aşağı olub. Fərq xüsusilə 15-ci və 30-cu dəqiqələrdə nəzərə çarpıb. Lakin bir saatdan sonra bu təsir aradan qalxıb.
Alimlər müəyyən ediblər ki, nəticə yalnız hormonlarla deyil, hormonlar və sinir sistemi arasındakı qarşılıqlı əlaqə ilə bağlıdır. Zeytun yağı qəbul edən siçanlarda mədənin boşalması ləngiyib, qanda qlükaqon, GIP və GLP-1 hormonlarının səviyyəsi yüksəlib.
Tədqiqatçılar qlükaqon və GLP-1 hormonlarının fəaliyyətini eyni vaxtda blokladıqda zeytun yağının təsiri aradan qalxıb. Bu yollardan yalnız biri bloklandıqda isə təsir qorunub. Azan sinirin siqnallarının pozulması da hormon səviyyələri dəyişməsə belə, yağın təsirini zəiflədib.
Tədqiqatın rəhbəri, endokrinoloq Daisuke Yabenin sözlərinə görə, qida maddələrinin bağırsağa daxilolma ardıcıllığı hormonlar və sinir sistemi arasında əlaqəli reaksiyanı işə sala bilər.
Alimlər zeytun yağı ilə yanaşı, kətan yağı, piy, kokos yağı və balıq yağını da sınaqdan keçiriblər. Ümumilikdə zeytun yağı daha yaxşı nəticə göstərib. Bununla belə, bəzi göstəricilər üzrə kətan yağı və piy də oxşar təsir nümayiş etdirib.
Yabenin fikrincə, bu yanaşmanın üstünlüyü sadəliyindədir: yeməyin tərkibini dəyişmək əvəzinə, onun hansı ardıcıllıqla qəbul edildiyini dəyişmək kifayət edə bilər.
Bununla belə, araşdırmanın nəticələri hələ insanlarda təsdiqlənməyib. Buna görə də karbohidratlardan əvvəl yağ qəbul etməyin insanlarda qanda şəkərin yüksəlməsini eyni şəkildə zəiflədəcəyini demək üçün əlavə klinik tədqiqatlara ehtiyac var.
Xədicə BAXŞILI













