Ət yemək kimlərin daha uzun yaşamasına kömək edə bilər? - ARAŞDIRMA
Ət yemək çəkisi az olan yaşlı insanların 100 yaşına qədər yaşamaq ehtimalını artıra bilər. Çinli alimlərin araşdırmasına görə, xüsusilə çəkisi az olan yaşlı qadınlar arasında ət yeməyənlərin 100 yaşına çatmaq ehtimalı daha aşağı ola bilər.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “The American Journal of Clinical Nutrition” (AJCN) jurnalında dərc olunub.
Alimlər 80 yaşdan yuxarı 5203 nəfərin məlumatlarını araşdırıblar. Onlardan 1459-u 100 yaşına qədər yaşayıb. Tədqiqatçılar iştirakçıların qidalanma vərdişlərini müqayisə edərək ət istehlakı ilə uzunömürlülük arasındakı əlaqəni öyrəniblər.
Məlum olub ki, çəkisi az olan yaşlı insanlar arasında hər gün ət yeyənlərin 100 yaşına çatmaq ehtimalı vegetarianlarla müqayisədə 44 faiz daha yüksəkdir. Lakin normal və ya artıq çəkisi olan insanlarda belə bir fərq qeydə alınmayıb. Bu əlaqə əsasən qadınlarda müşahidə edilib, kişilərdə isə oxşar nəticə əldə olunmayıb.
Araşdırmada o da müəyyən edilib ki, ət yeməyən, lakin balıq, yumurta və ya süd məhsulları istehlak edən yaşlı insanların 100 yaşına qədər yaşamaq ehtimalı ət yeyənlərlə təxminən eynidir.
Tədqiqatçılar hesab edirlər ki, uzunömürlülük baxımından əsas məsələ ətin özü deyil, orqanizmin kifayət qədər qida maddələri almasıdır. Yaşlılıq dövründə əzələ kütləsini qorumaq və həddindən artıq arıqlamağın qarşısını almaq üçün kifayət qədər zülal və kalori qəbul etmək vacibdir.
Müəlliflər vurğulayıblar ki, araşdırma ət yeməyin ömrü uzatdığını sübut etmir. Nəticələr yalnız qidalanma vərdişləri ilə uzunömürlülük arasında əlaqə olduğunu göstərir.
Aytəkin TOFİQQIZI













