Alimlər immun hüceyrələrində toxluq hissini tənzimləyən mexanizm aşkar ETDİLƏR
Alimlər orqanizmi zərərli maddələrdən və ölü hüceyrələrdən təmizləyən makrofaqların toxluq hissini necə müəyyən etdiyini aşkar ediblər. Məlum olub ki, bu immun hüceyrələrinin nüvəsi udulan hissəciklərin yaratdığı təzyiqi hiss edir və onların nə qədər material qəbul edə biləcəyini tənzimləyir.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Edinburq Universitetinin bioloqları müəyyən ediblər ki, immun sisteminin əsas “təmizləyici” hüceyrələrindən olan makrofaqlar bakteriyaları, zədələnmiş toxumaların qalıqlarını və orqanizmin yenilənməsi zamanı məhv olan hüceyrələri udaraq təmizləyir. Bu hüceyrələr yalnız hədəfin səthində xüsusi işarələri aşkar etdikdən sonra onu udmağa başlayırlar.
Lakin makrofaqlar həddindən artıq çox hissəcik qəbul etdikdə onların hərəkət qabiliyyəti zəifləyir və infeksiyalarla mübarizə aparmaq bacarığı azalır. Buna görə də alimlər bu hüceyrələrin qəbul etdikləri materialın miqdarını necə məhdudlaşdırdığını araşdırıblar.
Tədqiqatçılar meyvə milçəyi embrionlarının makrofaqlarını real vaxt rejimində müşahidə ediblər. Məlum olub ki, hüceyrənin udduğu hissəcik cəmi iki dəqiqə ərzində nüvəyə çataraq onun səthində çökəklik yarada bilir. Müşahidə zamanı hissəcik daşıyan hüceyrələrin 88 faizində ən azı bir belə deformasiya qeydə alınıb.
Alimlər müəyyən ediblər ki, bu proses zamanı nüvənin xarici qişasının altında lamin B adlı zülalın miqdarı artır. Bu zülal həm hüceyrə nüvəsinin quruluşunu qoruyur, həm də mexaniki təsirlərə qarşı dayanıqlılığını təmin edir. Hissəciklərin udulması intensivləşdikcə lamin B təbəqəsi də qalınlaşır.
Mexanizmin rolunu yoxlamaq üçün tədqiqatçılar makrofaqlarda lamin B genini və nüvəni hüceyrənin daxili skeleti ilə birləşdirən zülal liflərini sıradan çıxarıblar. Nəticədə hüceyrələr daha az və daha kiçik hissəciklər udublar. Lamin B zülalının miqdarı artırılan hüceyrələrdə isə udulan hissəciklərin ölçüsü böyüyüb.
Beləliklə, alimlər makrofaqların qəbul etdiyi materialın miqdarını məhdudlaşdıran mexanizmdə hüceyrə nüvəsinin mühüm rol oynadığını müəyyən ediblər.
Tədqiqat müəlliflərinin sözlərinə görə, udulan hissəciklərə cavab olaraq nüvənin molekulyar və mexaniki baxımdan yenidən qurulması makrofaqların ölü hüceyrələri təmizləməyə davam etməsi üçün vacibdir.
Makrofaqların həddindən artıq aktivliyini məhdudlaşdıran mexanizmlər 30 ildən çoxdur araşdırılır. İndiyədək təsdiqlənmiş əsas mexanizmlərdən biri hər yeni hissəciyi əhatə etmək üçün istifadə olunan hüceyrə membranının ehtiyatı hesab edilirdi. Yeni tədqiqat isə buna əlavə olaraq, hüceyrə nüvəsinin mexaniki təzyiqə əsaslanan bir növ toxluq göstəricisi kimi fəaliyyət göstərdiyini ortaya qoyub.
Alimlər siçanlarda da oxşar proses müşahidə ediblər. Bu, mexanizmin təkamül baxımından qədim ola biləcəyini göstərir.
Tədqiqatın nəticələri tibb üçün də əhəmiyyət daşıya bilər. Həddindən artıq yüklənmiş makrofaqlar aterosklerozun inkişafında iştirak edir və yaraların sağalmasına mane ola bilirlər. Buna görə də alimlər gələcəkdə bu hüceyrələrin fəaliyyətini tənzimləyən mexanizmlərdən yeni müalicə üsullarının hazırlanmasında istifadə etməyin mümkünlüyünü araşdırırlar.
Tədqiqatçılar hesab edirlər ki, makrofaqların nə qədər material qəbul etdiyini idarə edən mexanizmi anlamaq gələcəkdə zədələnmiş damarlarda bu hüceyrələrin fəaliyyətini daha səmərəli tənzimləməyə kömək edə bilər.
NURİYYƏ












