Bu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİ

 20:26 21.10.2026     36

Qan dövranını yaxşılaşdırmağa yönəlmiş yeni müalicə üsulu Altsheymer xəstəliyinin erkən mərhələsində olan pasiyentlərin idrak qabiliyyətlərini və gündəlik fəaliyyətlərini yaxşılaşdıra bilər.

Redaktor.az xəbər verir ki, bu nəticə “American Journal of Alzheimer's Disease & Other Dementias” jurnalında dərc olunan elmi araşdırmada əksini tapıb.

Tədqiqatda Altsheymer xəstəliyi ilə əlaqəli yüngül idrak pozuntuları və ya xəstəliyin yüngül forması olan 190 nəfər iştirak edib. Onlar iki qrupa bölünüblər. Birinci qrupa xarici kontrpulsasiya üsulu ilə tam müalicə tətbiq olunub, ikinci qrupa isə prosedurun imitasiya variantı verilib.

Bu üsul qan dövranını yaxşılaşdırmaq üçün ayaqlara ritmik təzyiq göstərən xüsusi manjetlərdən istifadəni nəzərdə tutur. İştirakçılar altı ay ərzində həftədə bir neçə dəfə bir saatlıq prosedurlardan keçiblər. Daha sonra onların vəziyyəti daha altı ay izlənilib.

Nəticələr göstərib ki, tam müalicə alan pasiyentlərin idrak qabiliyyətləri və gündəlik işləri yerinə yetirmək bacarıqları 12–24 həftə ərzində nəzarət qrupundakı iştirakçılarla müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Müsbət dəyişikliklər müalicə altı aydan sonra dayandırılsa da, birillik müşahidənin sonunadək qorunub. Tədqiqatçılar cihazın istifadəsi ilə əlaqəli ciddi əlavə təsirlər qeydə almayıblar.

Araşdırmanın müəllifləri hesab edirlər ki, xarici kontrpulsasiya Altsheymer xəstəliyinin erkən mərhələsinin müalicəsində perspektivli üsula çevrilə bilər. Bununla belə, metodun effektivliyini və təhlükəsizliyini təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Qeyd edək ki, bundan əvvəl probiotiklərin bəzi idrak funksiyalarının pisləşməsini ləngidə biləcəyi barədə məlumat yayılıb.

Xədicə BAXŞILI

Vumart və Güvən reklamı Vumart Güvən