Beyindəki gizli damar zədələnmələri ilə qidalanma arasında əlaqə TAPILDI

 21:50 21.10.2026     38

Kanadanın Makmaster Universitetinin alimləri ultraişlənmiş qidaların çox istehlakının beyində MRT müayinəsi zamanı görünən, lakin gündəlik həyatda əlamət verməyən kiçik damar zədələnmələri ilə əlaqəli olduğunu müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “JAMA Network Open” jurnalında dərc olunub.

Araşdırmada 35–69 yaş arası, əvvəllər ürək-damar xəstəlikləri diaqnozu qoyulmayan 8783 kanadalı iştirak edib. Onların beyinləri MRT vasitəsilə yoxlanılıb, idrak testləri keçirilib və qidalanma vərdişləri təhlil olunub.

Nəticələrə görə, ultraişlənmiş qidaları ən çox istehlak edən şəxslərin təxminən hər doqquzundan birində beyində damar zədələnməsi əlamətləri aşkarlanıb. Bu göstərici həmin qidaları ən az yeyənlər arasında təxminən hər 12 nəfərdən birinə bərabər olub.

Yaş, siqaret çəkmə, fiziki aktivlik, gəlir, təhsil səviyyəsi, yüksək qan təzyiqi və diabet kimi amillər nəzərə alındıqdan sonra da əlaqə qorunub. Bədəndəki yağ kütləsinin hesablanması isə nəticələri əhəmiyyətli dərəcədə dəyişməyib. Bununla belə, ultraişlənmiş qidaların istehlakı ilə yaddaş və təfəkkür testlərinin nəticələri arasında sabit əlaqə aşkarlanmayıb.

Tədqiqat müəllifləri qeyd ediblər ki, qidalanmanın hesablanma üsulu dəyişdikdə, məsələn, ultraişlənmiş məhsulların payı qəbul edilən ümumi kalorinin faizi ilə ölçüldükdə, əlaqə zəifləyib və bir çox hallarda statistik əhəmiyyətini itirib.

Nutrisoloq Rassel de Souza isə araşdırmanın ultraişlənmiş qidaların beyində aşkar edilən dəyişikliklərə səbəb olduğunu sübut etmədiyini vurğulayıb. Onun sözlərinə görə, insult, idrak funksiyalarının zəifləməsi və demensiyaya gətirib çıxaran proseslər bu hallar üzə çıxmazdan illər, hətta onilliklər əvvəl başlaya bilər.

Araşdırma müşahidə xarakteri daşıyıb. Qidalanma məlumatları, MRT görüntüləri və idrak testləri eyni vaxtda toplandığı üçün dəyişikliklərin əvvəlcə qidalanmada, yoxsa beyində baş verdiyini müəyyənləşdirmək mümkün olmayıb. Bunun üçün uzunmüddətli müşahidələrə və qidalanma vərdişlərinin dəyişdirilməsini əhatə edən əlavə tədqiqatlara ehtiyac var.

De Souzanın sözlərinə görə, riskləri azaltmaq üçün fiziki aktivliyi qorumaq, qan təzyiqini, xolesterin və şəkər səviyyəsini nəzarətdə saxlamaq, həmçinin siqaretdən imtina etmək vacibdir.

Müəlliflər əlavə ediblər ki, əldə olunan nəticələr əsasında sənaye emalının özünün təsirini məhsulların tərkibindən və ultraişlənmiş qidaların rasionda hansı daha faydalı məhsulları əvəz etməsindən ayırmaq mümkün deyil.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən