Sağlam qidalanma qocalmanı LƏNGİDİR

 12:04 22.10.2026     35

Almaniyalı alimlər sağlam qidalanmanın 10 fərqli modelinin bioloji qocalmanın ləngiməsi ilə əlaqəli olduğunu müəyyən ediblər. Araşdırma göstərib ki, bu təsir üçün yalnız bir konkret pəhrizə riayət etmək vacib deyil, ümumi qidalanma vərdişləri də əhəmiyyət daşıyır.

Redaktor.az xəbər verir ki, tədqiqat Almaniyanın Neyrodegenerativ Xəstəliklər Mərkəzinin alimləri tərəfindən aparılıb. Araşdırmanın nəticələri Nature Communications jurnalında dərc olunub.

Tədqiqata təxminən 7500 nəfər cəlb edilib. İştirakçıların bioloji yaşı DNT-dəki epigenetik dəyişikliklər əsasında qiymətləndirilib. Alimlər genomun təxminən 850 min nöqtəsində DNT metilləşməsini təhlil edərək müxtəlif qidalanma modelləri ilə bioloji yaşlanma arasındakı əlaqəni araşdırıblar.

Nəticələrə əsasən, Aralıq dənizi pəhrizi, Skandinaviya qidalanma modeli, bitki əsaslı qidalanma və DASH pəhrizi də daxil olmaqla, araşdırılan 10 qidalanma modelinin hamısı daha yavaş bioloji qocalma ilə əlaqəli olub.

Tədqiqat müəlliflərindən Monik Breteler bildirib ki, sağlam qidalanmanın vahid və hamı üçün ən doğru hesab edilən modeli olmaya bilər. Onun sözlərinə görə, müşahidə edilən təsirlər böyük olmasa da, ölçülə bilən səviyyədədir və xəstəliklərin profilaktikası baxımından əhəmiyyət daşıya bilər.

Araşdırmada həmçinin müəyyən edilib ki, müxtəlif qidalanma modellərinin təsir göstərdiyi bioloji proseslərin 70 faizindən çoxu ortaqdır. Bununla belə, bəzi fərqlər də müşahidə olunub. Məsələn, DASH pəhrizi ürək-damar sistemi ilə əlaqəli proseslərlə, MIND pəhrizi isə yaddaş və təfəkkürlə bağlı mexanizmlərlə daha çox əlaqələndirilib.

Maraqlı nəticələrdən biri də sağlam qidalanma ilə bioloji qocalmanın ləngiməsi arasındakı əlaqənin siqaret çəkənlərdə daha güclü görünməsi olub. Bunun səbəbi isə hələ müəyyən edilməyib.

Alimlər qeyd ediblər ki, insanların əksəriyyəti müxtəlif pəhrizlərin bütün tələblərinə eyni vaxtda əməl edə bilmir. Çünki hər bir qidalanma modeli fərqli məhsullara və qida qruplarına üstünlük verir.

Tədqiqatın əsas nəticəsi ondan ibarətdir ki, sağlam qidalanmada konkret bir pəhrizə bağlı qalmaqdan daha çox, ümumi qidalanma prinsiplərinə əməl etmək vacib ola bilər.

Bununla belə, araşdırmanın müşahidə xarakteri daşıdığı vurğulanıb. Bu səbəbdən nəticələr sağlam qidalanmanın qocalmanı birbaşa ləngitdiyini sübut etmir, yalnız bu amillər arasında statistik əlaqənin olduğunu göstərir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən