Yaşlılarda bir saatdan çox gündüz yatmaq ölüm riski ilə əlaqələndirildi
Gündüz müntəzəm olaraq bir saatdan çox yatmaq yaşlı insanlarda ölüm riskinin artması ilə əlaqəli ola bilər. Beynəlxalq alimlər qrupu gündüz istirahətinin və gecə yuxusunun keyfiyyətinin ömür uzunluğuna təsirini araşdırarkən bu nəticəyə gəlib.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Sleep Health” jurnalında dərc olunub.
Alimlər orta yaş həddi təxminən 70 olan Vyetnamın 4447 sakininin məlumatlarını təhlil ediblər. İştirakçılar dörd il ərzində müşahidə olunub, onların gündüz yuxusunun müddəti və müntəzəmliyi, eləcə də gecə yuxusunun keyfiyyəti qiymətləndirilib. Bu müddətdə iştirakçılardan 514-ü vəfat edib.
Nəticələrə görə, gündüz müntəzəm olaraq bir saat və daha çox yatan şəxslərdə ölüm ehtimalı gündüz yatmayanlarla müqayisədə 39% yüksək olub. Gecə yuxusunun keyfiyyəti və digər amillər nəzərə alındıqdan sonra da bu əlaqə qorunub.
Bununla belə, 30 dəqiqədən az davam edən qısa gündüz yuxusu, eləcə də 30–59 dəqiqəlik istirahət ölüm riskinin əhəmiyyətli dərəcədə artması ilə əlaqələndirilməyib.
Alimlər gecə yuxusunun keyfiyyətinin gündüz yuxusu ilə ölüm riski arasındakı əlaqəyə təsir etdiyini də müəyyən ediblər. Lakin gündüz müntəzəm olaraq bir saatdan çox yatan insanlarda gecə yuxusunun keyfiyyətindən asılı olmayaraq risk yüksək olaraq qalıb.
Tədqiqat müəlliflərinin fikrincə, uzunmüddətli gündüz yuxusu yaşlı insanlarda mövcud sağlamlıq problemlərinin əlaməti ola bilər. Bununla belə, araşdırma gündüz yatmağın birbaşa ölüm riskini artırdığını sübut etmir. Bu vərdiş orqanizmdə artıq mövcud olan pozuntularla əlaqəli ola bilər.
Xatırladaq ki, daha əvvəl alimlər diqqət çatışmazlığı və hiperaktivlik pozuntusunun (DÇHP) müalicəsində istifadə olunan dərmanların vaxtından əvvəl ölüm riskini azalda biləcəyini müəyyən ediblər.
Xədicə BAXIŞLI












