Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR
İspaniyanın Xaen Universitetinin alimləri bədən vəziyyətinin ağrı hissinə təsir etdiyini müəyyən ediblər. Araşdırmaya görə, insan uzanarkən ağrını ayaqüstə olduğu vəziyyətlə müqayisədə daha yüngül hiss edir. Bu fərqin ürək-damar sisteminin fəaliyyəti və arterial təzyiqlə əlaqəli olduğu bildirilir.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Psychophysiology” elmi jurnalında dərc olunub.
Araşdırmada 83 sağlam tələbə iştirak edib. Onların ağrıya həssaslığı oturaq, ayaqüstə və uzanmış vəziyyətdə yoxlanılıb. Bunun üçün xüsusi cihaz vasitəsilə iştirakçıların dırnaqlarına təzyiq göstərilib. Eyni zamanda onların arterial təzyiqi, ürəyin hər yığılmada vurduğu qan həcmi və təzyiqin tənzimlənməsində iştirak edən barorefleks mexanizminin həssaslığı ölçülüb.
Nəticələr göstərib ki, uzanmış vəziyyətdə insanların ağrı həddi və ağrıya dözümlülüyü ayaqüstə olduqları vəziyyətlə müqayisədə daha yüksəkdir. Orta gücdə təzyiq tətbiq edilərkən iştirakçılar ayaqüstə olduqları zaman ağrını oturaq və uzanmış vəziyyətə nisbətən daha güclü hiss ediblər.
Alimlər bunu arterial təzyiqdəki dəyişikliklərlə əlaqələndirirlər. Ayağa qalxarkən sistolik təzyiq və ürəyin hər yığılmada vurduğu qan həcmi azalır, uzanarkən isə artır. Tədqiqatda daha yüksək arterial təzyiqlə ağrının daha zəif hiss edilməsi arasında əlaqə aşkarlanıb.
Tədqiqatın rəhbəri Qustavo Reyes del Paso bildirib ki, arterial təzyiqin yüksəlməsinin ağrı hissini zəiflədən təsiri barədə geniş ictimaiyyətin məlumatı azdır. Onun sözlərinə görə, kəskin ağrı zamanı uzanmaq ağrının yüngülləşməsinə kömək edə bilər.
Müəlliflər araşdırmanın müəyyən məhdudiyyətlərinin olduğunu da vurğulayıblar. İştirakçıların gənc və sağlam olması, əksəriyyətinin qadınlardan ibarət olması, eləcə də onların normal və ya aşağı arterial təzyiqə malik olması nəticələrin bütün insanlara şamil edilməsini çətinləşdirir. Yaşlılarda, yüksək təzyiqi və ya xroniki ağrısı olan şəxslərdə nəticələr fərqli ola bilər.
Alimlər ağrı ilə arterial təzyiq arasındakı əlaqəni barorefleks mexanizmi ilə izah edirlər. Belə ki, təzyiq yüksəldikdə qan damarlarındakı reseptorlar beyinə siqnallar göndərir və bu proses ağrı hissinin zəifləməsinə də təsir göstərə bilər. Bununla belə, uzanmaq ağrının səbəbini aradan qaldırmır və güclü, qəfil və ya davamlı ağrı zamanı tibbi yardıma müraciəti əvəz etmir.
NURİYYƏ












