Stomatoloq diş fırçasının saxlanılması ilə bağlı vacib xəbərdarlıq ETDİ

 22:50 28.10.2026     100

Diş fırçasının düzgün saxlanılması və vaxtında dəyişdirilməsi ağız gigiyenasının qorunması baxımından vacibdir. Mütəxəssislər fırçanın nəm halda qapalı qabda saxlanılmamasını və unitazdan uzaq yerdə yerləşdirilməsini tövsiyə edirlər.

Redaktor.az xəbər verir ki, bu barədə stomatoloq, “Revyline” ağız baxımı məhsulları brendinin təsisçisi Maksim Obuşenkov danışıb.

Onun sözlərinə görə, diş fırçası istifadə edildikdən sonra yaxşıca yuyulmalı və qurumağa qoyulmalıdır. Nəm fırçanı uzun müddət qapalı qabda saxlamaq məsləhət görülmür.

Həkim bildirib ki, fırçanın tüklərində qida qalıqları, bakteriyalar, toz və nəmlik toplana bilər. Buna görə də onun yalnız vaxtında dəyişdirilməsi deyil, düzgün yerdə saxlanılması da əhəmiyyətlidir.

“Xüsusilə hamam və tualetin eyni məkanda yerləşdiyi evlərdə buna diqqət yetirmək lazımdır. Unitazın suyu axıdılarkən mikroorqanizmlər olan xırda damcılar havaya yayıla və diş fırçasının tüklərinə çökə bilər. Buna görə fırçanı unitazdan uzaqda saxlamaq daha məqsədəuyğundur”, – deyə Obuşenkov bildirib.

Stomatoloq fırça üçün yer seçərkən onun su sıçrantılarına və çirklənməyə məruz qalma ehtimalının da nəzərə alınmasını tövsiyə edib. Onun sözlərinə görə, qapalı qab fırçanın daşınması üçün əlverişli olsa da, nəm fırçanın daimi saxlanılması üçün uyğun deyil.

Həkim ağız boşluğu, boğaz və ya mədə-bağırsaq sistemini əhatə edən xəstəliklərdən sonra da fırçanın vaxtından əvvəl dəyişdirilməsinin vacib olduğunu vurğulayıb. O qeyd edib ki, fırçanın zahirən təmiz görünməsi onun dəyişdirilməsinə ehtiyac olmadığı anlamına gəlmir.

Bundan əlavə, stomatoloqun sözlərinə görə, peşəkar ağız gigiyenası prosedurundan sonra da diş fırçasını yeniləmək tövsiyə olunur. Stomatoloji müalicə zamanı isə fırçanın nə vaxt dəyişdirilməsini və sonrakı qulluq qaydalarını müalicə həkimi ilə dəqiqləşdirmək lazımdır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən