Həkim qara kürünün dərman olmadığını xatırlatdı: Hansı kürü daha faydalıdır?
Balıq kürüsü zülal, omeqa-3 yağ turşuları, vitaminlər və minerallarla zəngin qida məhsuludur. Lakin onun faydalı olması həddindən artıq istehlakına əsas vermir. Rusiyalı cərrah Aleksandr Umnovun sözlərinə görə, qırmızı və qara kürünün xüsusi faydaları olsa da, onların müalicəvi vasitə kimi qəbul edilməsi düzgün deyil.
Redaktor.az xəbər verir ki, bu barədə “Gazeta.Ru” nəşrinə Dövlət Maarifçilik Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının baş müəllimi, cərrah Aleksandr Umnov danışıb.
Ekspert bildirib ki, balıq kürüsü asan həzm olunan zülal, omeqa-3 yağ turşuları, A, D, E və B qrupu vitaminləri, xüsusilə B12 vitamini, yod, fosfor və dəmirlə zəngindir. Onun sözlərinə görə, sağlam yetkin insanlar üçün uyğun porsiya təxminən 20-30 qram, yəni 1-2 xörək qaşığıdır. Bununla belə, kürünü hər gün istehlak etmək məsləhət görülmür.
Həkim qeyd edib ki, qırmızı kürü omeqa-3, yod və B12 vitamini mənbəyidir. Mintay kürüsü isə qida dəyərinə görə qırmızı kürüdən ciddi şəkildə geri qalmır. Hər iki məhsul zülal, omeqa-3 və digər faydalı maddələrlə zəngindir. Bununla yanaşı, mintay kürüsü daha ucuzdur və bəzi növlərində duzun miqdarı daha az ola bilər.
Umnovun sözlərinə görə, siyənək kürüsü də yüksək yağ tərkibi və omeqa-3 yağ turşularının miqdarı ilə seçilir. Qara, yəni nərə balığının kürüsü isə asan həzm olunan zülal, amin turşuları, lesitin, yod, sink və selenlə zəngindir. Bununla belə, qara kürünün bahalı və nadir delikates olması onun digər kürü növlərindən qat-qat üstün müalicəvi xüsusiyyətlərə malik olduğu anlamına gəlmir.
Cərrah kürünün bəzi insanlar üçün məhdudlaşdırılmalı olduğunu da vurğulayıb. Onun sözlərinə görə, yüksək təzyiqi, böyrək xəstəlikləri və ödemi olan şəxslər duzun miqdarına görə bu məhsulun istehlakına diqqət yetirməlidirlər. Xolesterini yüksək olanlara da kürünü məhdud miqdarda yemək tövsiyə olunur. Həkim uşaqlara, xüsusilə üç yaşadək olanlara kürü verilməsi məsələsində ehtiyatlı olmağı, allergiyaya meyilli şəxslərin isə mümkün reaksiyaları nəzərə almasını məsləhət görüb. Hamilə qadınların istehlak miqdarını həkimlə razılaşdırması da tövsiyə olunur.
Ekspert bildirib ki, gündəlik qidalanmada daha münasib seçim axtaranlar mintay və ya siyənək kürüsünə üstünlük verə bilərlər. Qırmızı kürü də qida rasionuna daxil edilə bilər, qara kürü isə əsasən delikates kimi qiymətləndirilməlidir.
NURİYYƏ













